Xəbər lenti

Azərbaycan və Rusiya XİN rəsmiləri Moskvadakı görüşdə nəyi müzakirə etdilər? (ŞƏRH)
Dünya 16:59 24.07.2024

Azərbaycan və Rusiya XİN rəsmiləri Moskvadakı görüşdə nəyi müzakirə etdilər? (ŞƏRH)

"Rusiya XİN-i bu görüşlə Londonda keçirilən Avropa Siyasi Şurasının tədbiri barədə məlumat almaq istəyib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Moskvada Rusiya və Azərbaycan XİN rəsmləri Qruşko ilə Samir Şərifov arasındakı görüşdə bir sıra digər məsələlərlə yanaşı, Avropa İttifaqı, NATO, ATƏT və Avropa Şurasının fəaliyyəti barədə apardıqları fikir mübadiləsini şərh edərkən deyib.

"Rusiya tərəfi bu günlərdə Böyük Britaniyada keçirilən Avropa Siyasi Şurasının toplantısında gedən danışıqlar, söhbətlər barədə məlumat almaq istəyib. Bu da ondan irəli gəlir ki, Azərbaycan tərəfi həmin toplantıda iştirak edib, Rusiya isə iştirak etməyib. Avropa Siyasi Şurasının toplantısında isə NATO, milli təhlükəsizlik, ATƏT məkanında təhlükəsizlik, Ukrayna müharibəsi öndə gedən məsələlər olaraq müzakirə edilib. Qruşko ilə Şərifov arasında NATO, Aİ, ATƏT və Avropa Şurası barədə aparılan fikir mübadiləsində fikrimcə, məhz Londonda keçirilən Avropa Siyasi Şurasının tədbiri barədə danışıblar. Daha çox Rusiya tərəfi Azərbaycan tərəfinin həmin görüşü necə gördüyü, necə qiymətləndirməsində maraqlı olub", deyə Mehman Əliyev bildirib. 



Həmsöhbətimiz deyir ki, Rusiya XİN-i müxtəlif mənbələrdən belə informasiyalar almaqla onları üzləşdirir, təhlil edir və sonda qərar vermək üçün təqdim edir:

"Azərbaycan cərəyan edən prosesdə nə anti-Rusiya mövqeyindədir, nə də anti-Qərb. Bakı bu proseslərdə öz maraqları çərçivəsində iştirak edir. Bu mənada belə mübadilələrin aparılması əslində probem deyil. Çünki Rusiya ilə xüsusi münasibətlərimiz var ki, onun da təməli 2022-ci ildə tərəflər arasında imzalanan strateji tərəfdaşlıq sazişilə qoyulub. Azərbaycan Rusiya üçün hər hansı bir təhlükənin yaranmasında maraqlı deyil". 

Qeyd edək ki, iyulun 23-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov arasında görüş olub. Bu barədə Rusiya XİN-i məlumat verib. 

Görüşdə tərəflər Cənubi Qafqaz və ətraf regionlardakı mövcud vəziyyəti müzakirə ediblər. Eyni zamanda, Aİ, NATO problemləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->