Son bir ayda paytaxt bazarında ət və ət məhsullarının bahalaşması müşahidə edilir.
Bundan əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat artıb. Əvvəl bir kilosu 15 manata satılan dana əti hazırda 16 manata, quzu əti isə 20-24 manatə təklif edilir. Satıcılar bunun səbəbini heyvan qıtlığının olması ilə izah edib.
İqtisadçı ekspert Vahid Məhərəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu günlərdə Azərbaycanda ətin qiymətinin artmasının səbəbi həm təklifin azalması, həm də ətin maya dəyərinin artımı ilə bağlıdır:
"Bu gün heyvandarlıqda ciddi problem var. Azərbaycanda get-gedə heyvanların baş sayı azalır. Son 10 ildə 1 milyon 800 min başa qədər xırda buynuzlu heyvanların, 240 min başdan çox da iri buynuzlu heyvanların sayı azalıb. Bu ondan xəbər verir ki, ölkədə həm örüş sahələri azalıb, həm də yem istehsalı azalıb".
Vahid Məhərrəmli əlavə edib ki, Azərbaycan 2 milyon 500 min ton yem istehsal etməlidir:
"Azərbaycan isə 2023-cü ildə 165 min ton yem istehsal edilib. Bu, olduqca aşağı göstəricidir. Təlabatdan 15 dəfə azdır. Bunu ona görə qeyd edirəm ki, əgər yüksək keyfiyyətli qüvvəli yem istehsal olunmasa, heyvandarlıqda ət istehsalı artmayacaq. Ətin maya dəyəri hər dəfə artacaq. Eləcə də qiymətlər artacaq. Digər tərəfdən ölkədə 10 milyon ton ot istehsal olunmalıdır, amma 4,7 milyon ton istehsal olunur. Bu o deməkdir ki, əgər ot yoxdursa, ət də yoxdur. İndi xarici ölkələrdən daha çox ət gətirilir".
İqtisadçı ət idxalının da xeyli artdığını vurğulayıb:
"İdxalımız ona görə artır ki, Azərbaycan bazarında idxal məhsulu üçün münbit şərait yaranıb. Yəni gətirib Azərbaycan bazarında baha qiymətə satırlar. Amma istehsalla bağlı göstəricilər cəfəngiyyatdır. Dövlət Statistika Komitəsi ət istehsalı ilə bağlı açıqlamasında artım göstərilib, amma bu yalnışdır. İstehsalda ciddi azalma var. Ət istehsalı heyvanların baş sayının azalması hesabına artır. Bu isə o deməkdir ki, biz get-gedə heyvanların baş sayını azaldırıq və müəyyən bir etapdan sonra ətin qiyməti həddindən artıq bahalaşacaq".
Bahar Rüstəmli
Şərhlər