Xəbər lenti

Siyasət 18:36 07.08.2023

Azərbaycanda proporsional seçki sisteminə keçid mümkündürmü? (ŞƏRH)

Azərbaycanda növbəti parlament seçkilərinin proporsional, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə qızğın müzakirələr gedir. Hətta tezliklə referendum keçirləcəyi ilə bağlı məlumatlar da yayılır.
 
Araşdırmaçılar hesab edirlər ki, proporsional sistemin bərpası ilə seçki islahatları həyata keçiriləcək. Lakin seçki sistemi islahatına dair referendumun planlaşdırılması ilə bağlı hər hansı məlumat rəsmən təsdiqlənməyib. Buna baxmayaraq, bəzi ekspertlər belə məlumatları qeyri-ciddi hesab edirlər. Amma bəzi müşahidəçilər hesab edirlər ki, yaxın vaxtlarda proporsional seçki sisteminin tətbiqi məsələsi aktuallaşa bilər.

Vurğulayaq ki, proporsional seçki sistemi Azərbaycan üçün yenilik deyil. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına görə, Milli Məclisə səsvermə qarışıq sistem üzrə keçirilib - 100 deputat majoritar (birmandatlı seçki dairəsi), 25 deputat isə proporsional sistem (çoxmandatlı vahid seçki dairələri) üzrə seçilib. Lakin 2002-ci ildəki Konstitusiya referendumu ilə proporsional seçki sistemi ləğv edilib. Növbəti səsvermələr yalnız majoritar sistemə əsaslanıb. 
Məsələn, 2005-ci ildə keçirilən parlament seçkiləri majoritar sistemi ilə həyata keçirilib. Qeyd edək ki, majoritar sistemə görə, səslərin nisbi çoxluğunu qazanan namizəd qalib gəlir.

Bəzi araşdırmaçılar belə hesab edirlər ki, majoritar sistem plüralist qanunverici orqanın yaradılmasına yardım edir. Belə ki, parlamentdə çoxluq təşkil edən partiyaya öz proqramını həyata keçirməyə imkan verir. Onların qənaətinə görə, bu sistem hökumətin effektivlik meyarına daha çox uyğun gəlir. Hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir. Məsələn, 52 faiz səs toplamış partiya parlamentdə yerlərin 52 faizini əldə edir. Bu sistem ölkə üzrə partiyalara verilən səslərin itməməsi baxımından cəlbedici görünür. Lakin bu sistem parlamentdə rəqabət aparan çoxlu sayda partiyaların olmasına şərait yaradır ki, bu da koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir.

Digər siyasi araşdırmaçılar isə düşünür ki, proporsional seçki sisteminin ləğvi siyasi partiyaların sıradan çıxmasına, onların önəminin azalmasına rəvac verir.

Hər iki tərəfin öz arqumentləri mövcuddur. Lakin sualı açıq qalır - Azərbaycanda proporsional seçki sisteminin bərpası mümkündürmü? Bu sistemin üstünlükləri və çatışmayan səbəbləri nədir? Bu və digər sualları Qaynarinfo siyasi liderlərə ünvanlayıb.

"Majoritar seçki sistemindən istifadə edən demokratik ölkələr çoxdur”

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə bildirir ki, Azərbaycanda hər bir variantın reallaşması mümkündür. Onun sözlərinə görə, seçki islahatları aparmaq üçün siyasi qüvvələr siyasi iradə nümayiş etdirməlidirlər:

"Hələlik seçki sistemi ilə bağlı müzakirələr olmayıb, belə müzakirələr başlayarsa, biz də iştirak edib, mövqeyimizi açıqlaya bilərik”.
 


Asim Mollazadə düşünür ki, hazırkı seçki sistemi ilə bağlı ciddi bir problem mövcud deyil: 

"Çünki hər bir ölkənin bu istiqamətdə öz təcrübəsi var. Bir sıra ölkələr majoritar seçki sistemindən istifadə edirlər. Bu sistem qanunverici hakimiyyətdə hər bir bölgənin təmsilçiliyini təmin edir. ABŞ, Böyük Britaniyada, bir sıra Avropa ölkəsində bu sistem istifadə olunur. Siyasi partiyaların nüfuzunu artırmaq məqsədi ilə yeni demokratiyalarda çox vaxt proporsional sistemdən istifadə edilir. Lakin bununla yanaşı qarışıq sistemlər də mövcuddur. Azərbaycanda indiki sistemin qüsurları nədən ibarətdir, qarışıq sistem, yaxud da proporsional sistem siyasi təmsilçilik imkanlarımızı necə dəyişdirə bilər, bu və digər məsələləri konkret və detallı dəyərləndirmək lazımdır, bunun üçün də ciddi müzakirələrə ehtiyac var. Hər bir detal müzakirə edildikdən sonra qərarlar verilə bilər”. 

"Demokratik ölkələrin əksəriyyətində proporsional seçki sistemidir”

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə deyir ki, proporsional seçki sisteminin bərpası mümkündür və bunun üçün real addımlar atılmalıdır:

"1995-ci ildə keçirilən referendumun nəticəsi olaraq Axzərbaycanda proporsional sisteminin tətbiqi haqqında qərar qəbul olunmuşdu. Amma 2000-ci il seçkilərində Müsavat Partiyası proporsional seçki sisteminə görə daha yüksək səs toplayıb, parlamentə buraxılmayandan sonra, 2002-ci ildə keçirilən seçkidə proporsional seçki sistemi "səmərəli deyil” deyilərək ləğv edildi”. 
 


Gülağa Aslanlı deyir ki, dünyanın demokratik ölkələrinin əksəriyyətində ya tam şəkildə proporsional seçki sistemidir, ya da qarışıq sistemdir: 

"Ən az halda parlamentin üzvlərinin 50 faizi proporsional, 50 faizi majoritar seçki sistemi ilə seçilir. Odur ki, beynəlxalq təşkilatlar bizdən də proporsional sistemə keçməyi tələb edirlər. Əgər siyasi elita özündə iradə hiss edirsə, bu sistemə keçməlidir. Bu sistemə də keçərkən siyasi partiyaların qeydiyyatı prosesi sadələşdirilməlidir”. 

"Qarışıq seçki sistemi bərpa edilməlidir”
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə düşünür ki, proporsional seçki sisteminin bərpası vacibdir:

"Hətta biz bunu sınaqdan da keçirmişik. 2000-ci il parlament seçkilərində majoritar və proparsional seçki sistemi, yəni qarışıq sistem tətbiq olunub. Bu həm də vacib məsələdir. Uzun illər bu istiqamətdə xeyli dəyişiklik olub, referendumlar keçirilib, ləğv olunub”. 

"Yenidən bu sistemin bərpa olması nə vaxt ola bilər” sualına cavab olaraq partiya sədri bildirib ki, bununla bağlı gözləntilər də var: 

"Hakimiyyət nə vaxt istəsə, o vaxt da bərpa oluna bilər”.
 


Lakin Mirmahmud Mirəlioğlu qarışıq sistemin bərpa edilməsini doğru hesab edir: 

"Azərbaycanda 2000-ci il təcrübəsi var. Digər tərəfdən, Azərbaycan əhalisinin sayı, partiyaların çoxluğu və s. amillər buna imkan verir. Ehtimal edirəm ki, "Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklər bu istiqamətdə atılan addımlardan birirdir”.

 
"Payızda referendum keçiriləcək”
 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynli bildirir ki, payızda referendum keçirilməsi ehtimalı yüksəkdir. Onun sözlərinə görə, referendumun nəticəsinə uyğun olaraq, bu sistem bərpa oluna bilər.
 
"Çünki Azərbaycanda proporsional seçki sistemi təcrübəsi olub. Mən bələdiyyə seçkilərinin də çox partiyalılıq əsasında keçirilməyinin tərəfdarıyam. Əgər referendum keçirilib, hansısa dəyişiklik olunacaqsa, yeni seçki məcəlləsi də hazırlanmalıdır. Bunun üçün də ciddi seçki islahatına ehtiyac var”, deyə AXP sədri vurğulayıb. 
 


"Azərbaycanın hansı seçki sisteminə keçməsi daha məqbuldur” sualına cavab olaraq Pənah Hüseyn bildirib ki, Azərbaycanda ən çox ictimai rəydə üstünlük təşkil edən qarışıq seçki sistemidir:

"Lakin mən seçkilərin proporsional seçki sistemi əsasında keçirlməsinin tərəfdarıyam. Amma bəziləri seçilən şəxslərin 2/3-nin və daha çoxunun majoritar qaydada seçilməsi barədə danışırlar. Bu məsələlər müzakirə edilməlidir”.

Günay İlqarqızı 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->