Xəbər lenti

BCM-ə şikayət edildi: Solovyov və Simonyanın həbsinə order verilməsi tələb edilir
Dünya 18:12 06.06.2024

BCM-ə şikayət edildi: Solovyov və Simonyanın həbsinə order verilməsi tələb edilir

Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğuna məktubla altı rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza”ya daxil olan qurumun press-relizində deyilir.

Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, "Rossiya seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyovun, radio və teleaparıcı Sergey Mardanın, habelə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həbsinə order verilməsini tələb ediblər. 

Bəyanat müəlliflərinin fikrincə, onların hamısı Ukraynada dinc əhaliyə qarşı nifrətin yayılması kampaniyasında iştirak edərək Rusiyanın hərbi cinayətlərinə töhfə verirlər. Hüquq müdafiəçiləri bildirirlər ki, bu hərəkətlər insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.

FIDH həmçinin hesab edir ki, Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini, Rusiya televiziyasında dövlət təbliğatına məsul şəxs Aleksey Qromov da ukraynalıların nifrət nitqi ilə təqib edilməsinə görə məsuliyyət daşıyır.

Müraciət çərçivəsində hüquq müdafiəçiləri 24 fevral 2022-ci il və 24 fevral 2024-cü il tarixləri arasında rusiyalı təbliğatçıların bəyanatlarının iki mindən çox videoyazısını təhlil ediblər. Ümumilikdə, FIDH və tərəfdaşları ukraynalılara qarşı nifrət nitqi hesab edilən 300-dən çox bəyanat müəyyən ediblər. FIDH araşdırmasının nəticələri BCM Prokurorluğuna göndərilib.

Xatırladaq ki, 2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar uşaqları Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->