"BRICS-ə üzvlükdən Azərbaycan üçün hər hansı bir ziyan gözləmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ölkəmizin BRICS-ə qoşulmaq istəyi barədə fikirlərini şərh edərkən deyib.
"BRICS sürətlə böyüyən, dünyanın aparıcı iqtisadi təşkilatı kimi getdikcə məşhurluğunu artırır. Çoxsaylı ölkələr bu quruma üzv olmağa çalışır. Hətta son zamanlar belə mübahisələr də meydana çıxır ki, BRICS artıq öz iqtisadi gücünə görə, Avropa İttifaqını geridə qoymaqdadır".
Bu nöqteyi-nəzərdən ekspertin fikrincə, Azərbaycanın BRICS-ə qoşulması həm onun beynəlxalq mövqeyini daha da populyarlaşdıracaq, həm də ölkəmizin iqtisadi baxımdan güclü dövlətlərlə əlaqələrinin genişlənməsinə rəvac verəcək:
"BRICS-ə üzv olmaqdan Azərbaycan üçün hər hansı bir ziyan gözləmirəm. Əksinə, ölkəmiz ora qoşulmaqla iqtisadi gücünə güc qatacaq, və dünyanın inkişaf etmiş ölkələrilə bir sırada addımlayacaq".
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində Azərbaycanın BRICS-ə qoşulmaq istəyində olduğunu bildirib:
"BRICS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir".
BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub. Daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
Rüfət Sultan
Şərhlər