İngiltərənin Esseks qraflığında yaşayan bir ailə qonşuları ilə cəmi 15 santimetrlik torpaq sahəsinə görə 14 il davam edən məhkəmə çəkişməsi nəticəsində yüz minlərlə funt-sterlinq zərərə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məhkəmə Filip və Deniz Nyu ailəsinin apellyasiya şikayətini rədd edərək onların quraşdırdığı hasarın qonşu Gibson ailəsinin torpaq sahəsinə təxminən 15 santimetr keçdiyini təsdiqləyib. Nəticədə ailənin məhkəmə xərclərinin 150 min funt-sterlinqdən çox olacağı bildirilir.
Mübahisə 2012-ci ildə ortaq hasarın hissələri dəyişdirildikdən sonra başlayıb. Sonradan müstəqil geodeziya mütəxəssisi torpaq sahələrinin rəsmi sərhədini müəyyən etsə də, Nyu ailəsi bu nəticə ilə razılaşmayaraq məhkəməyə müraciət edib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Nyu ailəsi torpaq sahələrini ayıran dirəyin üzərində təxminən 40 il saxlanılan dekorativ dələ fiqurunu da götürüb. Qonşuların sözlərinə görə, həmin fiqur onların ailəsi üçün böyük mənəvi əhəmiyyət daşıyırdı.
Bundan başqa, Filip Nyu sosial şəbəkələrdə qonşularını təhqir edən mahnılar paylaşıb. Məhkəmə həmin paylaşımların, o cümlədən Stiv Gibsonun əlilliyi ilə bağlı istehzalı məzmunun birbaşa qonşulara yönəldiyi qənaətinə gəlib.
Cütlük qərardan şikayət edərək Ali Məhkəməyə müraciət etsə də, hakim yalnız təzminat məbləğini təxminən 700 funt sterlinq azaldıb və əsas qərarın dəyişməz qaldığını bildirib. Bununla yanaşı, Nyu ailəsi apellyasiya prosesi üzrə əlavə olaraq təxminən 19 min funt sterlinq məhkəmə xərci ödəməli olacaq.
Məhkəmə qeyd edib ki, mübahisə cəmi bir neçə düym torpaq sahəsini əhatə etsə də, uzun illər davam edən qarşıdurma, təhqiramiz davranışlar, xatirə əşyasının götürülməsi və internetdə alçaldıcı paylaşımlar işin nəticələrini daha da ağırlaşdırıb.
Aydın
Şərhlər