Siyasət 17:50 31.12.2022

Ceyhun Bayramov İranın XİN başçısı ilə danışdı: Hansı məsələlər müzakirə olundu?

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Qaynarinfo-ya bildirilib ki, nazirlər arasında ikitərəfli gündəliyin aktual məsələləri, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələr müzakirə olunub.

Bununla yanaşı, "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub.

Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.