Xəbər lenti

Ölkə 18:34 19.12.2022

DSMF-nin sabiq şöbə müdiri nöqsanlara görə 33 min manat rüşvət verib

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılan iş üzrə şahidlər dindirilib.

Prosesdə əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşları olmuş - Ədil Dədəkişiyev, Niyaməddin Orucov və Anar Əliyev ifadə verib.

İttihama görə, sözügedən vəziyyəti illik plana uyğun olaraq müxtəlif struktur bölmələrdə yoxlamalar həyata keçirib. Yoxlamalar zamanı nöqsanlar aşkar olunan şəxslərin vəzifələrində qalmaq üçün rüşvət alınıb.

10, 20, 30 min manat məbləğində olan rüşvət Daxili Nəzarət İdarəsinin rəis müavini Nizami Xanlarovun vasitəsilə aidiyyəti şəxslərə çatdırılıb.

Məhkəmədəki ifadələrində isə şahidlər istintaq zamanı dediklərini tamamilə təsdiq etməyiblər.

Onlar nöqsan aşkarlanan şəxslərin hansı yolla işlərinə davam etmələrindən xəbərsiz olduqlarını deyiblər.

Hazırda Maliyyə Nazirliyində baş məsləhətçisi kimi çalışan Anar Əliyevin sözlərinə görə, 2015-2018-ci illərdə daxili nəzarət şöbəsində işləyib.

Plana uyğun olaraq müxtəlif rayonlarda yoxlamalar keçirib, aşkar olunmuş nöqsanlar barədə akt tərtib edərək idarənin rəis müavini Nizami Xanlarova təhvil verib:

"Ən çox nöqsan adətən pensiya indekslərinn düzgün hesablanmaması ilə bağlı olurdu. Amma heç kim mənə rüşvət verməyib. İstintaqda da rüşvətlə bağlı nə isə dediyimi xatırlamıram".

Hakim Faiq Qəniyev "Nəyə görə pensiyalar ancaq artıq hesablanırdı, bir nəfər də demir ki, əksik hesablanıb", deyərək şahidin ifadəsinə reaksiya verib.

Prokuror Babaxan Həsənəliyev isə işində nöqsan aşkar edilmiş şəxslərin yenidən fəaliyyətlərinə davam etmələrinin təəccüblü olduğunu deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsində yerləşən Əlillərin Bərpa Mərkəzinin anbar müdiri Vüsal Cəlilov da prosesdə ifadə verib.

Şahidin sözlərinə görə, mərkəzin "Qırxbulaq" MMC ilə müqaviləsi olub. Müxtəlif vaxtlarda şirkətə vəsait köçürülüb ki, həmin vəsaitin də bir hissəsi "otkat” formasında geri qaytarılıb:

"Mənim işim kuryerlik olub. Zərfdə pullar göndərirdilər mən də nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini Ülviyyə Məmmədovaya çatdırırdım".

İttihama görə, mərkəzin ehtiyaclarının qarşılanması üçün köçürülən 117 min manatdan 9915 manat, 75 min manatdan 16 min manat, 146 min manatdan 30 min 953 manat "otqat” formasında qaytarılıb. Bütün bu vəsaitlər Ülviyyə Məmmədovaya xidməti otağında təhvil verilib.

Dövlət Sosial Müdafiə Fondunun Quba və Xaçmaz şöbəsinin müdiri olmuş Yasin Rüstəmov isə işindəki nöqsanlara görə iki dəfə rüşvət verdiyini deyib: "2013-16-cı illərdə Qubada fond müdiri işləyirdim. Həmin vaxt nazirliyin daxili nəzarət şöbəsi yoxlama keçirdi. İşimdən olmamaq üçün idarənin rəis müavini Nizami Xanlarova 18 min manat verdim. Bundan sonra Xaçmaz DSMF-nun müdiri oldum. Oradakı nöqsanlarıma görə isə Xanlarova 15 min manat verdim".

Növbəti proses dekabrın 26-a təyin olunub.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

İbtidai istintaq dövründə cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manat ziyanının 20 milyonunu ödənib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->