Ümumdünya Meteorologiya Təşkilatı iyul ayında aylıq qlobal mövsümi iqlim yeniləməsinə dair yeni hesabat yayımlayıb. Hesabatda qeyd olunub ki, tropik Sakit okeanda El Nino şəraiti formalaşıb və qarşıdakı aylarda onun sürətlə güclənəcəyi gözlənilir. Bu isə dünyanın bir çox bölgələrində isti hava dalğaları, quraqlıqlar, güclü yağıntılar və digər ekstremal hava hadisələrinin başvermə ehtimalını artırır.
Cari ilin iyul–sentyabr aylarında güclü El Nino şəraitinin sürətlə inkişaf edəcəyinə diqqət çəkilən hesabatda bildirilib ki, Mərkəzi və Şərqi Ekvatorial Sakit okeanda suyun temperaturunda ardıcıl istiləşmə müşahidə olunur. Həmçinin El Nino-nun Şimal yarımkürəsində payız mövsümündə daha da güclənəcəyi və təsirinin dünyanın bir çox bölgəsinə yayılacağı proqnozlaşdırılır.
AZƏRTAC-ın müxbiri El Nino hadisəsinin necə cərəyan etməsi, bunun ölkəmizin iqlim şəraitinə təsir edib-etmədiyini mütəxəssislərlə araşdırıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev bildirib ki, El Nino ispan dilində "yeni doğulmuş oğlan uşağı" deməkdir. Cənubi Amerikada olan balıqçılar bunu İsa Peyğəmbərin anadan olması ilə əlaqələndirirlər:”El Nino hadisəsi yüz, min illər boyu hər zaman müşahidə olunur. Prosesin əsas göstəricisi Sakit okeanın ekvatorial ərazilərində səth suyunun temperaturunun təxminən 6–10 dərəcəyə qədər artması olur. Bu əsasən, Peru, Ekvador sahillərində qeydə alınır. El Nino hadisəsi zamanı atmosferə külli miqdarda enerji ötürülür. Bu, əsasən də buxarlanma şəklində cənub siklonları, antisiklonları vasitəsilə yuxarı enliklərə ötürülür. Prosesin intensiv olduğu illərdə yuxarı 40-la 60-cı coğrafi enliklər arasında xeyli miqdarda yağıntılar müşahidə edilir. Son illərdə ölkəmizdə müşahidə olunan güclü yağıntıların həmin hadisə ilə əlaqədar olduğunu söyləyirlər”.
Mütəxəssis bildirib ki, El Nino hadisəsi nəticəsində əsasən ekvatorial ərazilərdə, Sakit okeanda ekoloji problemlər xeyli artır. Çünki orada temperatur kəskin yüksəldiyi üçün canlıların həyat tərzi dəyişir. Nəticədə uyğunlaşa bilməyən balıqlar ölür.
El Ninonun ölkəmizə təsirindən bəhs edən Ə.Əliyev deyib: "Prosesin birbaşa olmasa da, dolayı yolla təsiri var. Çünki o çox böyük əraziləri əhatə edən cənub axınlarıdır. Həmin cənub axınları coğrafi enliklərin xeyli hissəsini tutur. Ölkəmizdə yağıntıların artmasının, küləklərin belə sürətli olmasının səbəblərindən birinin məhz həmin proses olduğu ehtimal edilir. Məlum olduğu kimi, Yerin iqlimini təyin edən parametrlərdən en mühümü atmosferlə okean səthi arasında gedən qarşılıqlı əlaqələrdir. Bunun nəticəsində iqlim formalaşır. Dəniz səviyyəsində qeydə alınan tərəddüdlərdə həmin proses müəyyən rol oynayır. Məlum olub ki, El Nino hadisəsinin inkişaf etdiyi mərhələlərdə Xəzər dənizinin hövzəsinə çoxlu miqdarda yağıntı düşür və nəticədə çayların, xüsusilə də Volqa və Uralın suyu artır. Bu zaman Xəzər dənizinin səviyyəsində qalxmalar müşahidə olunur. El Ninodan başqa onun əksi olan proses də var ki, bu, La Nina adlanır. Bu zaman okean suyunun temperaturu əksinə azalır. Nəticədə yağıntıların miqdarı və yağıntılı günlərin sayı azalır, temperatur enir”.
El Ninonun Sakit okeanda baş verən təbiət hadisəsi olduğunu deyən ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov nəticədə Cənubi Amerikanın qərb sahillərində, Çili və Peru sahillərində okean sularının, xüsusən səthində kəskin isinmə qeydə alındığını bildirib: "Bu zaman soyuq Çili və Peru cərəyanları da isinir. Həmin cərəyanlarda həm çoxlu balıqlar olur, həm də o balıqların qidaları soyuq cərəyanlarla gəlir. Proses nəticəsində balıq ehtiyatı kəskin surətdə azalır. Avstraliyada, Kanadada quraqlıqlar baş verir. Lakin əvvəllər quraqlıqların müşahidə olunduğu Cənubi Amerikanın qərb sahillərində güclü yağışlar qeydə alınır. El Nino kifayət qədər geniş əraziləri tutur, Afrikaya, Hindistana qədər təsir edir. Qısacası, bir çox quraq ərazilərə çox güclü yağışlar, yağış yağan ərazilərə isə quraqlıqlar gətirir. Bəzi yerlərdə, məsələn Hindistanda isə bunun əksi olur. Bu ölkənin şərq sahillərində yağışlar daha da güclənir”.
Ekspertin sözlərinə görə, El Ninonun Azərbaycana birbaşa təsiri yoxdur.”Ölkəmiz kifayət kadar uzaqdadır. Azərbaycanda iqlim şəraitində müşahidə olunan dəyişikliklərin El Nino ilə əlaqələndirilməsi isə ehtimallardır”, - deyə o diqqətə çatdırıb.
Şərhlər