Xəbər lenti

Elmin cavab axtardığı yeni sual: Süni intellekt ağrı hiss edə bilərmi?
Texnologiya 18:39 04.02.2025

Elmin cavab axtardığı yeni sual: Süni intellekt ağrı hiss edə bilərmi?

Alimlər süni intellekt (Al) araşdırmalarını yeni bir mərhələyə daşıyan düşündürücü və qorxuducu bir suala cavab axtarır: süni intellekt də insanlar kimi ağrı hiss edə bilərmi?

Qaynarinfo xəbər verir ki, "Google DeepMind" və London İqtisadiyyat Məktəbinin tədqiqatçıları müxtəlif süni intellekt modellərini həssaslıqla əlaqəli davranışlar baxımından sınaqdan keçirmək üçün xüsusi bir oyun üzərində təcrübə aparır. Bu araşdırma çərçivəsində AI-nin həqiqətən hiss edib-etmədiyini anlamaq üçün ağrı və həzz reaksiyalarını simulyasiya etməyə çalışıblar.

Bu testin qorxuducu olduğunu düşünürsünüzsə, tək deyilsiniz. Süni intellektin gerçək dünyada "Skynet" kimi nəzarətdən çıxma ehtimalının araşdırılması, ümumi baxımdan ehtiyatla yanaşılan bir mövzudur. Təcrübədə, "ChatGPT" kimi böyük dil modellərinin əsas vəzifəsi mümkün qədər çox xal toplamaq olub.

Lakin balların toplanması zamanı süni intellektin qarşısında iki seçim dayanıb: birinci seçim daha çox xal qazandırsa da, "ağrı" hissi yaradır, ikinci seçim isə daha az xal qazandırmaqla yanaşı, "həzz" hissi ilə müşayiət olunur. Alimlər süni intellektin bu seçimlər arasındakı qərar qəbul etmə prosesini müşahidə edərək, həssaslığa bənzər qərarvermə davranışlarını müəyyən etməyə çalışıblar. Əsas sual isə budur: süni intellekt həqiqətən hiss edə bilərmi?

Çoxsaylı AI modelləri, daha çox xal qazandırsa belə, ağrı verən seçimi davamlı şəkildə seçməkdən çəkinib. Ağrı və həzz səviyyələri artırıldıqda belə, modellər rahatsızlığı minimuma endirmək və həzzi maksimuma çatdırmaq meylini davam etdirib.

Bəzi nəticələr isə gözlənilməz mürəkkəb məqamları ortaya çıxarıb. Məsələn, "Claude 3 Opus" adlı süni intellekt modeli hətta nəzəri bir oyunda belə etik narahatlıqlar bildirərək, asılılıq yaradan davranışlarla əlaqəli ssenarilərdən qaçınıb.

Bu nəticələr süni intellektin həqiqətən hiss etdiyini sübut etməsə də, alimlərə gələcək tədqiqatlar üçün daha çox məlumat təqdim edir.

AI sistemlərinin emosional reaksiya verən heyvanlardan fərqli olaraq, duyğularını ifadə edə biləcək fiziki davranışlara sahib olmaması səbəbindən onlarda hisslərin mövcudluğunu müəyyən etmək daha çətindir.

Bundan əvvəl aparılan tədqiqatlar süni intellekt modellərinə "sən ağrı hiss edirsənmi?" sualını verməyə əsaslanıb. Lakin bu metodlar ciddi qüsurlu hesab edilir. Hətta insanlar arasında belə subyektiv hisslərə əsaslanan anketlərin tam dəqiq olmadığı qəbul edilir. Makinələrdə isə bu məsələ daha da mürəkkəbləşir.

Bir süni intellekt modeli "Mən ağrı hiss edirəm" desə belə, bu, onun həqiqətən də ağrı hiss etdiyini göstərmir. Bu, sadəcə öyrəndiyi məlumatları təkrarlaması ola bilər. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün alimlər heyvan davranış elminin bəzi üsullarını süni intellekt tədqiqatlarına tətbiq ediblər.

Tədqiqatçılar hazırkı süni intellekt modellərinin həssas olmadığını və heç nə hiss edə bilmədiyini vurğulayır. Lakin AI sistemləri getdikcə daha mürəkkəbləşdiyindən, gələcəkdə bu məsələnin önəmi daha da arta bilər.

Hazırda robotların bir-birini öyrətməyə başladığını nəzərə alsaq, süni intellektin bir gün öz düşüncə proseslərini inkişaf etdirməsi tamamilə mümkündür.

Əgər "Terminator" və "Matrix" kimi filmlərin ssenarilərində müəyyən həqiqət payı varsa, ümid edək ki, "ChatGPT" və digər AI modelləri insanlığa qarşı kin bəsləməyə qərar verməz...

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->