Moskvanın Vnukovo hava limanında 28 yaşlı ABŞ vətəndaşı saxlanılıb, onun baqajında kannabis tərkibli marmelad aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FGX) "İnterfaks"a bildirib.
Hadisə 7 fevralda baş verib. Amerikalı İstanbuldan gedirmiş. Gömrük nəzarətindən keçərkən onun çemodanı xidməti it tərəfindən şübhəli bilinib. Axtarış zamanı plastik qablarda narkotik tərkibli konfetlər aşkar edilib.
Saxlanılan şəxs izahatında bildirib ki, bu preparatlar ABŞ-da həkim tərəfindən təyin olunub və səyahət zamanı ona lazımdır.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 2-ci hissəsinə əsasən (böyük miqyasda narkotik qaçaqmalçılığı) cinayət işi açılıb. Amerikalı 10 fevralda həbs olunub və barəsində həbs-qəti imkan tədbiri seçilib. Onu 5 ildən 10 ilə qədər həbs və 1 milyon rubl cərimə gözləyir.
FGX saxlanılan şəxsin adını açıqlamayıb, lakin istintaq sənədlərində onun Bayers K.U. olduğu qeyd olunub.
Siyasi kontekst:
Bu hadisədən iki gün sonra – 12 fevralda ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Maraqlıdır ki, 11 fevralda Rusiya başqa bir ABŞ vətəndaşı – keçmiş səfirlik əməkdaşı Mark Fogelini həbsdən azad edib.
Fogel 2021-ci ildə Şeremetyevo hava limanında saxlanılmışdı. Onun da marixuana gətirdiyi müəyyən edilmişdi. Məlumata görə, o, onurğa əməliyyatından sonra həkim təyinatı ilə marixuana qəbul edirmiş. 2022-ci ildə o, 14 il ağır rejimli koloniyaya məhkum edilmişdi.
Fogel Trampın müşaviri Stiv Vitkoffun müşayiəti ilə ABŞ-a qaytarılıb. Onun əvəzində ABŞ Aleksandr Vinnik adlı Rusiya vətəndaşını azad edib. Vinnik BTC-e kriptobirjasının həmtəsisçisi olub və ABŞ tərəfindən 4 milyard dolların yuyulmasında ittiham edilirdi.
Bundan başqa, 2022-ci ilin dekabrında ABŞ məşhur basketbolçu Brittni Qrayneri Rusiya silah alverçisi Viktor Butla dəyişmişdi. Qrayner marixuana yağı tərkibli veyp kartriclərini Rusiyaya gətirdiyi üçün 9 il həbs cəzası almışdı.
Alpər
Şərhlər