Milli Qəhrəmana həsr olunmuş "Poladın izi ilə” filminin təqdimatı keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhadəti ilə 44 günlük Vətən savaşının bayraqdarlarından olan general-mayor Polad Həşimovun həyat və döyüş yolunun filmləşdirilməsi davam etdirilir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasının istehsal etdiyi "Poladın izi ilə" sənədli filmi də bu qəbildən ekranlaşdırılan əsərlərdən biridir.
4 may 2022-ci il tarixində saat 19-00-da Nizami kino mərkəzində sənədli filmin təqdimatı keçiriləcək.
Polad Həşimovun xidmət etdiyi və döyüşdüyü ərazilərdə aparılan çəkilişlər, arxiv sənədləri və arxiv videoları hesabına çəkilən filmi ərsəyə gətirən çəkiliş qrupu Zamin Məmmədov, Fahir Səmədoğlu və Vüqar Əsgərov üçlüyü, çəkilişlərə rəhbərlik edənlərsə "Salnaməfilm" studiyasının direktoru Nazim Hüseynov və filmin prodüseri Azad Axundovdur.
Xatırladaq ki, sənədli filmin çəkilişlərinə ötən ilin yayında start verilib. Çəkilişlər əsasən ailəsinin yaşadığı və orta məktəbə ilk qədəm qoyduğu Sumqayıt şəhərində, doğulduğu Qəbələ rayonunda, şəhidlik zirvəsinə yüksəldiyi Tovuz rayonunda, həmçinin Qaraqaya yüksəkliyində, işlədiyi Şəmkir korpusunda və Aprel döyüşləri zamanı iştirak etdiyi Goranboy, Talış, Suqovuşan istiqamətlərində aparılıb.
Bahar Rüstəmli
Şərhlər