Xəbər lenti

Gimnastikada yerli idmançılara qarşı biganəlik edilir? - Federasiya ittihamlara cavab verdi
İdman 12:54 28.03.2023

Gimnastikada yerli idmançılara qarşı biganəlik edilir? - Federasiya ittihamlara cavab verdi

Azərbaycanda futboldan tutmuş, bir çox idman növlərində ictimaiyyətin ən çox tənqid etdiyi, narazı qaldığı bir problem var - "milliləşdirmə”. Müxtəlif ölkələrin yetirmələri gətirilir, azərbaycanlı adı ilə idmanımıza sırınır, beynəlxalq yarışlara aparılır. Üstəlik onlara xeyli miqdarda pul da ayrılır. Amma təəssüf ki, ağına-bozuna baxmadan ölkəmizə doldurulan idmançıların arasında nadir hallarda güclü nəticələr göstərənlər tapılır. Yəni, digərlərinə, özü də dövlət səviyyəsində ayrılan pullar, demək olar, havaya sovrulur.
 
Ən pisi də odur ki, yarıtmaz fəaliyyətə görə kifayət qədər perspektivi olan azərbaycanlı balaları kənarda qalır, küsür, inciyir. Onlar ölkəyə dəvət olunan əcnəbi məşqçilərin və ya bacarıqsız idarəçiliyin qurbanına çevrilir. Nəticədə ölkəmizi beynəlxalq yarışlarda əksər hallarda qeyri-millətlərdən olan idmançılar təmsil edir ki, şübhəsiz, bu da azərbaycanlıları razı sala bilməz. 

Legioner sayı çox olan idman növlərindən biri də dövlət tərəfindən xüsusi nəzarət edilən gimnastikadır. Xeyli sayda əcnəbi idmançı və məşqçinin yer aldığı Azərbaycan gimnastikasında da bu barədə narazılıqlar çoxdur. Övladlarını gimnastika ilə məşğul olmağa göndərən valideynlər qeyri-millətlərin önə çəkilməsini əsas gətirərək narazılıq edir, ayrıseçkiliklə üzləşdiklərini bildirirlər. 

Həmin valideynlərdən biri Asif İbrahimov Qaynarinfo-nun redaksiyasına şikayətini çatdırıb. Gimnastika ilə məşğul olan qızının yaxşı nəticələrinə baxmayaraq, baş məşqçi İradə Qurbanovanın ayrıseçkiliyi üzündən kənarda qaldığını deyən İbrahimov heyətdə başqa millətlərdən olan gimnastların çoxluğunu bildirib:

"Qızım Mələk 8 ildir akrobatika gimnastikası ilə məşğul olurdu. Öz yaşıdları arasında ən yaxşılardan biri idi. Orada mən konkret Azərbaycan xalqına qarşı düşmənçilik gördüm. Bu səbəbdən də uşağı gimnastikadan çıxardım. Milli komandanın heyətinə baxsanız, görərsiniz ki, xüsusilə rus, tatar və başqa millətlərdən olan idmançılar üstünlük təşkil edir. Sırf azərbaycanlılara konkret düşmən kəsiliblər. Bu, yarışarda da özünü göstərir. Qat-qat zəif iştirakçılara xüsusi yer verilir. Milli komandaya cəlb olunma da o formada həyata keçirilir. Düşünürəm ki, akrobatik gimnastika üzrə komandanın baş məşqçisi İradə Qurbanova tatar olduğuna görə tatarlara, ruslara, ləzgilərə və s. millətlərin nümayəndələrinə üstünlük verir. Orada azərbaycanlı soyadı ilə uşaqlar var, hansı ki, bir az araşdırırsan, görürsən ki, anası rus və ya ukraynalıdır. Komandanın heyətinin böyük əksəriyyəti başqa millətlərdən olanlardır. Məsələn, Murad var, səhv etmirəmsə, anası rus və ya ukraynalıdır. Konkret olaraq azərbaycanlılara qarşı düşmənçilik edirlər. Bunu sırf öz uşağıma görə demirəm. Mən qızımı gimnastikadan çıxarıb tədrisə yönləndirmişəm. Amma digər azərbaycanlı uşaqlar da var axı. Niyə bizim milli ruhumuzla oynayırlar? Mən də əvvəllər düşünürdüm ki, azərbaycanlı idmançı yetişmir deyə legionerlərə önəm verilir. Amma görürəm ki, məhz belə hallara görə idmançı yetişmir”.

İbrahimov qızının yaxşı nəticələr göstəməsinə baxmayaraq, ayrıseçiliklə üz-üzə qaldığını deyir:
 



"Respublika çempionu, şəhər birinciliyinin qalibi olub. Yer tutub, mükafatçılar sırasına düşüb. Müxtəlif turnirlərdə qalib olub. Bunu öz kateqoriyasının məşqçiləri də təsdiqləyə bilər. Ən yaxşılardan biri idi. Artıq onu idmandan uzaqlaşdırmışam, heç bir halda geri qaytarmayacağam. Orada başqa perspektivli azərbaycanlı uşaqlar da var. Onlar nəyə görə kiminsə problemlərinin qurbanı olmalıdırlar? Qarşı tərəfin mövqeyini dinləsəniz, deyəcəklər nəticələrimiz var. Həmin idman növünə yetərincə vəsait ayrılır. Məsələn, Qazaxıstanla müqayisədə 3-4 dəfə artıq vəsait xərclənib. Bu vəsait ona görədir ki, nəticə əldə olunsun. Halbuki Qazaxıstan, Rusiya, Ukrayna, Moldova ilə müqayisədə xərclənmiş vəsaitə uyğun nəticələr yoxdur. 20 il ərzində cəmi 1-2 dəfə yüksək yerlər tutulub. Gimnastikaya dövlət tərəfindən xüsusi diqqət olunmasına baxmayaraq, belə bir atmosfer yaradırlar. Gimnastikada konkret klanlaşma yaradılıb. Akrobatika gimnastikası üzrə komandanın heyətinə baxsanız, görərsiz ki, sırf azəbaycanlı idmançı yoxdur, yetişmir. Azərbaycanlı idmançılara qarşı bu, xüsusilə həyata keçirilir. Sonuncu yarışlarda da bunun şahidi oldum. Birdən kimsə fikirləşər ki, bunları özüm üçün deyirəm. Belə deyil, dediyim kimi, mən övladımı idmandan uzaqlaşdırmışam və bir daha gimnastikaya qaytarmayacağam. Məsələ sırf mənimlə bağlı deyil. Dövlət səviyyəsində nəzarət olunan gimnastika idmanında klanlaşma yaradılıb. Qazanılan nailiyyətlər isə çəkilən xərclərə nisbətdə çox azdır. Faydalılıq əmsalını hesablasaq, bu bizdə Qazaxıstandan, müharibə gedən Ukraynadan, Rusiyadan, İtaliyadan da aşağıdır”.

Narazı valideyn orada təkcə yerli idmançılara deyil, azərbaycanlı məşqçilərə qarşı da eyni münasibət göstərildiyini deyir:
 

 



"Komandanın heyətində 2-3 azərbaycanlı var, onların anaları rusdur. Onlar hətta öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün məşqçiləri heyətə salıblar. Məsələn, şəkildə oxla işarə etdiyim Aynur Yusufovanın 29 yaşı var, məşqçidir. İradə Qurbanova konkret azərbaycanlıların düşmənidir. Əvvəllər düşünürdüm ki, bizimkilər zəifdir deyə qeyri-millətlər dəvət olunur. Ancaq görürəm ki, bilərəkdən edilir. Heyətdəki Fərmanova Nəzrin idman gimnastikasının məşqçisinin qızıdır. Lalə Hüseynova qarışıq millətdəndir. Yəni metisdir. Yeri gəlmişkən, İradə bunu təkcə idmançılara qarşı etmir. Perspektivli məşqçiləri də sıxışdırıb kənarda saxlayıb. Bəzi məşqçilər onun təzyiqlərinə görə aerobika gimnastikasına və digər növlərə keçiblər. Bu kimi amillərə görə qızımı əslində, çoxdan çıxarmaq istəyirdim. Amma uşağın idmana həvəsi qarşımı alırdı. Hər dəfə "idmanı burax, dərslərinə diqqət ayır” deyəndə ağlayırdı. İradə uşağı iyrəndirdikdən sonra, onu idmandan çıxarmağa nail oldum. Balaca qızım da tələblərə cavab verirdi, amma gördüyüm haqsızlıqlara görə onu idmana getməyə qoymadım. Yeri gəlmişkən, onu da deyim ki, Mələk şəhid nəvəsidir. Atam İbrahimov Arzuman Pənah oğlu 1-ci Qarabağ döyüşləri zamanı şəhid olub”. 
 


Təbii ki, şikayətlərlə bağlı Azərbaycan Gimnastika Federasiyasına müraciət etdik. Federasiyanın baş katibi Nurlana Məmmədzadənin məsələyə münasibəti belə oldu: 
 


"Azərbaycan Gimnastika Federasiyası 9 gimnastika növünün inkişafı ilə məşğuldur. Azərbaycanda yeganə təşkilatdır ki, gimnastika növlərinin inkişafına məsuliyyət daşıyır. İnkişafın ilk mərhələlərində legionerlər var idisə, hazırda onların sayı çox azdır. Son bir neçə ildə ümumiyyətlə, legionerlər yığma komandalara cəlb olunmur. Anlamıram ki, burada azərbaycanlılara qarşı hansı digər münasibət ola bilər? Tribuna vermək deyəndə, yəqin ki, fəxri kürsünü nəzərdə tutursunuz. Özünüz də araşdırma apara bilərsiniz. Dediyiniz yığma komandanın baş məşqçisi ilə bağlı həmin valideyn bizə də zəng vurub, şikayətlərini mətbuata ünvanlayacağanı deyib. Hüquqşünasımız onunla əlaqə saxlayıb və federasiyaya dəvət edib. Şikayətini dinləyəcəyik.
 
Baş məşqçi haqqında deyilənlərə gəlincə, İradə xanım neçə illərdir işləyir, təcrübəlidir. Yəqin xatırlayarsınız, 2022-ci ilin mart ayında Azərbaycanda dünya çempionatı keçirildi. İlk dəfə idmançılarımız dünya çempionatının bürünc və gümüş mükafatına layiq görüldü. İradə xanımın məşqçiliyi dövründə Ayla Əhmədova kimi Avropa çempionumuz olub. İradə xanımın yetirmələri Avropa və dünya çempionatlarının, həmçinin Avropa oyunlarının mükafatçılarıdır.
 
Son nailiyyətlərimizə gəlincə, 2021-ci ildə bədii gimnastika üzrə qrup hərəkətləri komandamız İsrailin Tel-Əviv şəhərində keçirilən Avropa çempionatında 3 bürünc medala layiq görülüb. Batut gimnastikası üzrə idmançılarımız Avropa çempionatından medallarla qayıdıb. Bədii gimnastika üzrə dünya çempionatında qrup hərəkətləri komandamız bürünc mükafata layiq görülüb. Bunlar hamısı 2022-ci ildə olub. Yenə də batutçularımız dünya çempionatından medallarla qayıdıb. Akrobatik gimnastlarımız Bakıda ev sahibliyi etdiyimiz dünya çempionatında medallar qazanıb.
 
Ötən illərin statistikasına nəzər sala bilərsiniz. Dediklərim sizi qane etmirsə, Federasiyanın saytındakı "Tariximiz” bölməsinə baxa bilərsiniz. Başqa millət məsələsində sizə situasiya haqda məlumat verdim. Dünya çempionatlarının mükafatçılarından Ağasif Rəhimov, Ruhidil Qurbanlı var. Akrobatikada, bədii gimnastikada qrup hərəkətləri komandası əsas etibarilə Bakı məktəbinin yetirmələridir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->