Xəbər lenti

Dünya 16:25 02.12.2024

"Gürcü xalqı qərarlıdır və gələcəyindən vaz keçməyəcək" - Ekspert

"Kobaxidzenin bu açıqlaması onun baş nazirliyə adekvat siyasətçi olmadığını ortaya qoydu. O, bununla cəmiyyəti süni olaraq güc müstəvisinə çəkir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politooq Natiq Miri Gürcüstanda baş nazir İrakli Kobaxidzenin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dayandırmaqla bağlı qərarının verdiyi əks-sədanı şərh edrəkən deyib.

Natiq Miri bildirib ki, Kobaxidze hökuməti artıq belə bir fürsəti Avropaya inteqrasiya tərəfdarı olan müxalifətin əlinə verib:

"Çünki baş nazirin Avropa İttifaqı ilə 2028-ci ilə qədər danışıqları dayandırdıqları barədə bəyanatından sonra hökumətə etiraz edənlərin sayı birə beş qədər artdı. Bu da bir daha göstərir ki, Gürcüstan cəmiyyətinin böyük əksəriyyəti Avropaya inteqrasiya tərəfdarıdır. Kobaxidzenin qrant layihələrini dayandırmaqla bağlı açıqlaması da bütün aktiv zümrənin prosesə qoşulması ilə nəticələndi. Zamanında Ukrayna prezidenti Viktor Yanukoviçin Aİ-yə assosiativ üzvlüklə bağlı verdiyi yanlış açıqlamanın nəticəsini indi Tiflis küçələrində görürük". 
 


Ekspert qeyd edir ki, yaranmış vəziyyət ölkədə qarşıdurma riskini artırır:

"Çünki hökumətin reaksiyası adekvat deyil. Hökumət süni olaraq cəmiyyəti güc müstəvisinə çəkir. Bu isə gələcəkdə prosesi vətəndaş müharibəsinə qədər sürükləyə bilər. Müəyyən silahlı qüvvələrin Ukrayna cəbhəsindən Gürcüstana transferi o qədər də mürəkkəb deyil. Ona görə də xalqı güc müstəvisinə çəkmək hökumətin məhvinə, daha doğrusu Gürcüstan dövlətinin məhvinə gətirib çıxara bilər. Ölkədə siyasi böhran yaşanır. İstefalar dövlət strukturlarına da sıçramaqdadır. İndi hökumətin geriyə addım atmağa çalışdığı ilə bağlı fikirlər səsləndirilir. İvanişvili zehniyyəti Gürcüstan dövlətinin mənafeyinə xidmət etmir. Gürcü xalqı qərarlıdır və gələcəyindən vaz keçməyəcək". 

Qeyd edək ki, Gürcüstanda vəziyyət günü-gündən gərginləşir. Kobaxidze hökumətinin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dayandırmaqla bağlı qərarı Avropaya inteqrasiya tərəfdarlarını mübarizəni daha da gücləndirməyə sövq edib. Kobaxidzenin həmin addımı etirazçıların sıralarının daha da artması ilə nəticələnib. Nəinki paytaxt Tiflis, habelə Kutaisi, Batumi, Rustavelli kimi iri şəhərləri də etiraz dalğası bürüyüb. Kobaxidzenin səhv addımı cəmiyyətin müxalifət ətrafında daha sıx birləşməsinə gətirib çıxarıb. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->