Orxan Saffari
Ölkə 16:46 12.06.2023

Hansı azərbaycanlılara inanmaq olmaz?

İstənilən azərbaycanlının üstünü axtar, bir abzaslıq da olsa artıq "pafos" çıxacaq. Əlbəttə, ziyalı mövqeyi də döş cibində. Adətən, nəzərdə tutduğum millitarist pafos vətəndən kənarda, heç çox uzağa getməyə ehtiyac yoxdur- budu buralar, Gürcüstan, Türkiyə, İran, Moskvada olur. İrağ olsun, Allah bu pafoskarlara başqa ölkələri heç görmək qismət eləməsin, yoxsa, forsları yekə fordlara sığmaz. Bircə addım ayaqlarını oyana qoydularmı, bilmirlər necə yaltaqlansınlar. 

Onların dillərinin əzbəri sözlər var; 

- "Millətimin pisinə də qurban olum", "Yaxşısı da mənimdi, pisim də". Sanasan, bunlar başqa adamlardır, bunlar tamamilə ayrı dünyadırlar, bütün məsələləri həll edib, həqiqətlərə çatıblar, indi də oturub-durub yekə-yekə danışırlar. 

İlk baxışdan nəcib, danışdıqca da görürsən ki, nə nəcib? Bu ki, bildiyin nanəcibdir.

Adama deyərlər, bax niyə? Ümumiyyətlə, sən kimsən belə danışırsan, ay sadə azərbaycanlı? Millət, xalq dərdi sənə qalıb? Sən dərd çəkənsən? Birmənalı və qeyd-şərtsiz şəkildə bilmək lazımdır ki, kimlərsə çıxıb xalq, millət adına pafoslu danışır, demək, moşennikdir, demək aldadacaq, planı var, xal yığır, siyasətə gələcək, gedəcək, bir sözlə, nəsə edəcək. Belə məsələlər boş-boşuna olmur heç vədə. Bu tribuna, kreslo sevdalısı xalqdan belə məqamda hər nə desən gözləmək olar. Elə məsələdir ki, istisnasi filan da yoxdur. 

Bu xalqın, millətin qeydinə qalan, canı yanan ziyalıları ömrü boyu dilinə gələni danışdı. Onda da dedilər, ağzına gələni danışır. Xalq sağ olsun, zərrə də dəyərini vermədi danışanların. Cəlillər, Sabirlər nə gün gördülər ki? Əvəzində nə oldu? Sonrakı Sovetçilər, indi də xalq artistçilər. Beləcə, necə deyərlər, proses çox uzun çəkdi. Hərə də bir yerdə başını girələyir. 

Heç bir işə yaramayan, zərrə intellekti olmayan, ömrü boyu ağzına gələni danışıb, zəlzələdən ya vəlvələdən bir yerə ilişərək xalqım-xalqım deyə-deyə gün-güzərən qurdular, yaşadılar. Bəli, bir az da etiraf etmək gərəkir ki, bu xalq belə xalqdır. Üzünə təriflə, get işini gör. Kompliment etsək, saf, təmiz xalq demək olar. Bizi aldatmağa nə var ki?

Diqqətə ehtiyac yoxdur. Adicə bir baxışla da görmək olur ki, "eeeey mənim gözəl xalqım", "bu xalq mübariz, bu xalq mərd, cəsarətli" çıxışlar edənlər kimlərdir, nə iş görür və görmək istəyirlər. Qətiyyən inanmaq, aldanmaq lazım deyil. İstəyir şair olsun, istəyir yazıçı, istəyir manısı, istəmirsə də nə olur olsun. Əl-əxsus da incəsənət adamı. Toy oxuyanından şeir gecələrində darıxıram deyəninə qədər. Əlbəttə, ən təhlükəlisi bunlardır, ən pisi bunlardır. 

Azərbaycan xalqının düşmənləri məhz elə bu xalqa yaltaqlanan adamlardır.
 
Orxan Saffari