Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Qaynarinfo xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubun açılışında iştirak edib.
Əvvəlcə "Issyk-Kul Golf Resort" kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olunub.
Qolf Klub İssık-Kul gölünün sahilində "Issyk-Kul Golf Resort" çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.
Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.
Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.
Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamlayıb.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.
Daha sonra dövlət başçıları "Issyk-Kul Golf Resort" kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak ediblər.
Şərhlər