1"Neftçi”nin yetirməsi Araz Abdullayevin bir neçə gün öncə sosial şəbəkələrdə yayılan qalmaqallı videosu gündəm oldu. Avtomobil dayanacaqlarından birinin azyaşlı nəzarətçisi ilə mübahisə etməsi və onu vurmasının əks olunduğu videonun yayılmasından sonra futbolçu ictimaiyyət tərəfindən kəskin tənqidlərə məruz qaldı. Düzdür, Abdullayev baş verənlərdən sonra mübahisə etdiyi uşaqdan üzr istəyib ona formasını bağışladı. Ancaq futbolçunun xarakteri, özündənrazılığı hər dəfə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
İstedadlı futbolçunun əvvəlki kimi oynamaması, hazırda klubsuz qalmasını da onun mənfi xarakteri ilə əlaqələndirirlər. Arazın üzərində böyük əziyyət çəkmiş məşqçilərdən biri də "Neftçi”nin aşağı yaş qruplarında çalışan, Azərbaycanın əməkdar məşqçisi İslam Kərimovdur. Abdullayevə futbolun sirlərini öyrədən, onu yetişdirən Kərimov da məsələyə münasibətini bildirib. O, Qaynarinfo-ya açıqlamasında Arazın bu duruma düşməsinin səbəbləri haqda düşüncələrini bölüşüb:
"Video haqda məlumatım var. Hesab edirəm ki, Araz burada idmançıya yaraşmayan bir hərəkət etdi. O, ölkədə sayılıb-seçilən, istedadlı uşaqlarımızdan olub. Vaxtilə legioner həyatı yaşayıb, millinin fəal üzvlərindən biri olub. "Neftçi”nin heyətində Avroliqada oynayıb. Gənc nəsildən bir çox uşaqlar özünü ona oxşatmaq istəyirdi. Solaxaydı, gözəl driblinqləri var. Yaxşı gələcəyi ola bilərdi. Məsuliyyətsizliyi onu gətirib belə vəziyyətə saldı. Video haqqında eşitdim, baxdım, məyus oldum. Ona bunu yaraşdırmadım. Cəmiyyət ona fərqli yanaşır, futbolçu kimi baxır, maraq dairəsindədir. İdmançı nümunə olmalıdır. Mənə elə gəlir, Arazın psixoloji problemi var. Kiprdən qayıdandan sonra karyerasında eniş yaşamağa başladı. Artıq əvvəlki Araz deyildi. Xaricdən qayıdandan sonra Azərbaycan çempionatında əvvəlki kimi oynaya bilmirdi. Görünür, məsuliyyətsizlik, diqqətsizlik edib, öz üzərində işləməyib. Yəqin ki, özünəinam olmadığı üçün bu duruma düşüb. Hazırda biz onun haqqında istedadlı futbolçu, legioner kimi danışmalı idik. Amma görün, sizinlə nəyi müzakirə edirik - Araz Abdullayevin davranışını… O, karyerasını bitirəndən sonra, məşqçi, futbol funksioneri də ola bilər. Lakin belə xasiyyətlə onun üçün çətin olacaq. Qalmaqaldan uzaq durmaq lazımdır. Bu heç kimə başucalığı gətirmir. Sadəlik insanın gözəlliyidir”.
Mütəxəssis Arazın atası ilə yaxın dost olduğunu dedi:
"Atası, rəhmətlik Abdulla kişi çox gözəl insan idi. O, bu gün həyatda qalsaydı, Araz belə olmayacaqdı. Atası ilə çox yaxın dost olmuşuq. Demək olar ailənin üzvü kimi idim. Arazın futbola gəlməsində Ramin Musayevin ("Neftçi”nin və Peşəkar Futbol Liqasının sabiq prezidenti - red.) çox böyük rolu olub. Onu Musayev tapıb verib mənə. Uşaq vaxtından böyüyənə qədər daim onun dəstəyini görüb. Buna şəxsən şahidlik etmişəm. Mənim də ən çox istədiyim futbolçulardan biridir. Cinah yarımmüdafiəçisi kimi fitri istedada malik idi. Güclü texnikası, zərbələri vardı. Bu gün millinin aparıcı üzvlərindən biri olmalı idi. "Everton” kimi komandaya gedəsən, sonra gəlib birdən-birə bu vəziyyətə düşəsən… Hamı səni "Neftçi”nin, millinin futbolçusu kimi tanıyır. Küçədə nümunəvi olmalısan. Sən tərbiyəni İslam müəllimdən almısan axı. Müəllimin, döyüşə könüllü gedən, müharibə veteranı, əməkdar məşqçi olub. Bu mənə də zərbədir. Çünki 6 il yanımda olub və püxtələşməsində ən böyük rolu mən oynamışam. O, məni də düşünməli idi. Bir dəfə bədbəxt hadisə baş verdi, avtoqəza keçirdi. Bundan ibrət götürməli idi. Çoxdandı onunla ünsiyyət qurmuram. Fikrimcə, nəinki incitdiyi vətəndaşdan, Azərbaycan xalqından, futbol ictimaiyyətindən üzr istəməli idi. Səni ictimaiyyətə tanıtdıran jurnalistlərdir, mətbuatdır - onlardan da üzr istəməli idin”.
Son vaxtlar Arazın futbolu buraxıb modelliyə başladığı haqda söz-söhbətlər də dolaşmaqdadır. Məşqçi bu məsələyə təəssüflənir:
"İstəməzdim belə olsun. İnanmağım gəlmir, futbolunu davam etdirməlidir, oynayan vaxtıdır. Onun modellik edən vaxtı deyil. Vaxt vardı, uşaqlar ondan avtoqraf alırdı. 16 yaşı olanda, Çexiya klubu "Sparta” mənə teleqram göndərib onu istəyirdi. Bu insan uçuruma gedir. Dəfələrlə ona demişəm, nə qədər sadə olsan, bir o qədər başucalığındır. Çalış mətbuatla ünsiyyət qur. Yaxşı oynayanda axı jurnalistlər səni göylərə qaldırmışdı. "Everton”da hamımızın fəxri idin. Niyə Mxitaryan "İnter”də oynamalıdır, sən yox? İmkanın varsa, get kasıblara, qazilərə, şəhid ailələrinə, hansısa xəstə uşağın müalicəsini boynuna götürməklə yardım et. Qoy səni bu yolla sosial şəbəkədə işıqlandırsınlar, təbliğ etsinlər”.
"Neftçi”nin məşqçisi hələ gec olmadığını, Arazın xasiyyətinin dəyişməsinin mümkünlüyünü də vurğuladı:
"Bəli mümkündür, hələ heç nə itirilməyib. Şəxsi fikrimdir, futbol veteranları Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Əsgər Abdullayev və məşqçilərimiz onunla söhbət etməlidir. İnsanı uçuruma itələməyə nə var ki? Onu vəziyyətdən çıxarmaq lazımdır. Futbola qayıda bilər, onda istedad var. Öz üzərində çalışmalı, fərdi məşqlər etməlidir. Sosial şəbəkəyə baxdım çox utandım. Belə olmaz, onun ailəsinə yaraşmır. Çox gözəl ailəsi var. Atası Abdulla Abdullayevin xalq hərəkatında əvəzsisz xidməti olub. Bir də yaxşı olar ki, ailə həyatı qursun. Bəlkə də bundan sonra tamam dəyişər. O da bir çıxış yoludur. Cəmiyyət onu haqlı olaraq qınayır. Buna baxmayaraq, o mənim ən sevimli futbolçumdur. Bu günə qədər yüzlərlə futbolçu yetirşdirmişəm. Amma həmişə ürəyimdə "1 nömrə” təbii ki, Kamran Ağayev (millimizin sabiq qapıçısı - red.), ikincisi isə Araz Abdullayevdir. Həyatımda ən çox istədiyim futbolçular məhz Kamranla Arazdır”.
Səbuhi Həsənov
Şərhlər