Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev İrəvan Dövlət Dram Teatrından işdən çıxmasının səbəblərini açıqlayıb.
Baş rejissor Qaynarinfo-ya açıqlamasında bildirib ki, teatrın direktoru İftixar Piriyev onun adını Prezident mükafatçıları siyahısından çıxartdırıb:
"Məni Prezident mükafatından İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev məhrum edib. O buna təkidlə, həm də dava etməklə nail olub. Deyir niyə Sərvər Əliyev Prezident mükafatı almalıdır? Bütün baş rejissorların hər biri bu mükafatı alır. Çalışdı ki, bu mükafatı özü üçün alsın, amma vermədilər. Mən İrəvan Teatrından aprelin 20-dən getmişəm. Sadəcə icazə istədim ki, mənə vaxt verin, gedib Dərbəndəki teatrda tamaşalarımı bərpa edim. Onlar mənə icazə vermədi. Məcbur olub öz hesabıma ərizə yazdım, ona da icazə verilmədi. Bundan sonra İftixar Piriyev mənə qarşı düşmənçilik mövqeyi sərgilədi. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli işçiləri də onun tələbini yerinə yetirdilər. Xüsusi ilə də Bela xanım. Dedi ki, direktor nə deyirsə, o da olmalıdır. Bu, Mədəniyyət Nazirliyinin ən böyük səhvi idi".
Sərvər Əliyev mükafatı teatrda iki nəfərin aldığını bildirib:
"Onlardan biri Səmayə xanımdır. Heç bir işi və əməli olmayan bir adam teatrdan mükafat alır. Səmayə xanımın İrəvan teatrının inkişafında heç bir əməyi yoxdur. Mən "Rəis və 5 dul qadın" tamaşasında ona rol verdim, amma oynaya bilmədi. İftixar Piriyev dedi ki, onu roldan çıxart. Mən də onu roldan çıxartdım. İftixar Piriyev isə rolu oynaya bilməyən aktrisaya Prezident mükafatı verdirdi. Nazirlikə dava elədi ki, Sərvəri bu mükafatdan çıxaracaqsınız və buna da nail oldu".
Sərvər Əliyev qeyd edib ki, aprel ayında işdən çıxmaqla bağlı Mədəniyyət Nazirliyinə ərizə yazıb:
"Gözlədilər, nazirlikə müqavilənin vaxtı başa çatandan sonra növbəti müqaviləni uzatmadılar. Onsuz da müqavilə bağlanmasını istəmirdim. Bunu eşidib nazirə ərizə yazdım ki, məni işimdən azad edin, sizinlə işləmək istəmirəm. Bu günə kimi yerimə heç kimi təyin etməyiblər. Rejisorlar Azərbaycandan gedir. Onlarla sona kimi mübarizə apara bilərdim, amma sağlamlığımı, səhhətimi düşündüm. Mənim üçün önənli olan budur. Mənim üçün Dərbənd teatrında işləmək daha rahatdır".
Sərvər Əliyev baş verən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə İftixar Piriyevin hərəkətləri ilə bağlı 11 şikayət ərizəsini göndərdiyini vurğulayıb.
İrəvan Teatrının direktoru İftixar Piriyev Qaynarinfo-ya açıqlamasında Sərvər Əliyevin ittihamlarını qəbul etmədiyini açıqlayıb:
"Mükafat ondan alınıb. Hər il ona mükafat verilirdi, amma bu il başqasına verilib. İftixar Piriyev o səlahiyyət sahibi deyil ki, kiminsə əlindən nəsə alsın. O, ölkədən gedərkən məndən icazə istəməyib. Bir tutarlı sənəd göstərsin ki, müraciət edib, amma mən yox demişəm. Sərvər Əliyevi kollektiv istəməyib, nazirliyə müraciət edib. Onun işdən çıxarılmasının səbəbini də nazirlik bilir. Qaldı ki, Səmayə xanıma, o bütün həyatını İrəvan Teatrına həsr edib. Səmayə xanlm illərdir bu teatrda işləyir".
Bahar Rüstəmli
Şərhlər