Xəbər lenti

İslandiyada ABŞ-ın yeni səfirinin
Dünya 11:50 16.01.2026

İslandiyada ABŞ-ın yeni səfirinin "52-ci ştat" zarafatına qarşı qəzəb: Petisiya başladı

İslandiya ictimaiyyəti ABŞ-ın bu ölkəyə səfir təyin etmək istədiyi namizədin "İslandiya Amerikanın 52-ci ştatı olmalıdır" sözlərinə kəskin reaksiya verib. 

Qaynarinfo "The Guardian”a istinadla yazır ki, minlərlə insan namizədin sözlərinə etiraz olaraq petisiya imzalayıb.

Rəsmi şəxslər jurnalistlərə bildiriblər ki, səfir vəzifəsinə namizəd Billi Lonq qeyri-rəsmi söhbət zamanı "İslandiya 52-ci ştat olacaq, mən isə onun qubernatoru olacağam" deyə zarafat edib.

Bu hadisə Qrenlandiya və Danimarkanın yüksək rütbəli rəsmilərinin ABŞ nümayəndələri ilə görüşündən əvvəl baş verib. Həmin görüşdə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək niyyətləri müzakirə olunmalı idi.

İslandiya Xarici İşlər Nazirliyi izahat almaq üçün ABŞ səfirliyinə müraciət etdiyini bildirib. İslandiyalılar isə xarici işlər naziri Katrin Qunnarsdottirə müraciət edərək Lonqun namizədliyini rədd etməyi tələb ediblər.

Petisiyadan sitat: "Billi Lonqun sözləri bəlkə də zarafatla deyilib. Lakin bu sözlər öz azadlığı uğrunda mübarizə aparmış və həmişə Birləşmiş Ştatların dostu olmuş İslandiya xalqı üçün təhqiramizdir".

Daha sonra Billi Lonq sözlərinə görə üzr istəyib. O bildirib ki, bu sadəcə bir zarafat olub, çünki ətrafdakılar Trampın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendrini "Qrenlandiyanın qubernatoru" adlandıraraq zarafat edirmişlər.

"Burada ciddi bir şey yox idi. Əgər kimsə bundan inciyibsə, üzr istəyirəm", — deyə Lonq qeyd edib və İslandiyada işləməyə hazır olduğunu vurğulayıb.

Lakin İslandiya parlamentinin deputatı Ziqmar Qudmundsson hesab edir ki, Tramp komandasının sözlərini ciddi qəbul etmək lazımdır: "Amerikalıların Qrenlandiya ilə bağlı irəli sürdükləri təhlükəsizlik arqumentləri eynilə İslandiyaya da şamil edilir".

Xatırladaq ki, Donald Tramp Qrenlandiyanın ABŞ-ın müdafiəsini gücləndirəcəyini iddia edir. Onun fikrincə, orada Hava Hücumundan Müdafiə sistemləri quraşdırılarsa, ABŞ üçün "Qızıl Qübbə" (Golden Dome) sistemi formalaşdırıla bilər. Bunun üçün isə Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması vacibdir.
Lakin analitiklər deyirlər ki, ABŞ-ın onsuz da adada qoşun yerləşdirmək imkanları var. Danimarka Krallığı isə hesab edir ki, Qrenlandiyanın təhlükəsizliyi mövcud müqavilələrlə tam təmin olunub. Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen tərəflərin məsələni nizamlamaq üçün işçi qrupu yaradacağını bildirib.

Alpər
--> -->