SS zabiti Volfqanq Kölerin oğlu, 71 yaşlı Detlef Köler atasının yazı masasından İsveçrə bankındakı gizli hesabların nömrələrini tapıb. Ehtimal olunur ki, bu hesablarda 1936-1944-cü illərdə nasistlər tərəfindən yəhudilərdən talan edilən milyonlarla vəsait yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, Detlef Köler və israilli ravvin Efraim Meir bu faktı sübut etməyə çalışırlar. Meir "Tkumat Israel Foundation" fonduna rəhbərlik edir və bu fond Üçüncü Reyx dövründə oğurlanmış yəhudi əmlakının axtarışı ilə məşğuldur.
"Əlimizdə bu hesabların nömrələri və onlara daxil olmaq üçün zəruri olan kodlar var. Lakin İsveçrənin UBS bankı bu vəsaitlərin harada olduğunu açıqlamaqdan imtina edir", deyə Meir "Bild" qəzetinə müsahibəsində bildirib.
Volfqanq Köler SS-in 12-ci tank diviziyası "Hitler Jugend"də xidmət edib. Müharibədən sonra isə oğlu və ravvinin fikrincə, bu gizli hesabların etibarnaməli sahibi olub.
Detlef xatırlayır ki, 1999-cu ildə atası ölümündən az əvvəl ona belə deyib: "İndi sənə həqiqəti danışacağam. Sahib olduğun şey milyardlarla dəyərindədir".
O, 1936-1943-cü illərdə açılmış həmin bank hesablarını nəzərdə tuturdu. Bu dövrdə altı nasist (adları "Bild" redaksiyasına məlumdur) həmin hesablara, o cümlədən yəhudilərdən oğurlanmış aktivləri köçürmüşdülər. Volfqanq Kölerin mərhum dostu Helmut Hensel bu məlumatı təsdiqləyir. Notarial qaydada təsdiqlənmiş bəyanatında o, bu gizli hesablardan xəbərdar olduğunu bildirib. Detlef hesab edir ki, o, bu hesablara vərəsəlik hüququ ilə sahibliyini sübut edə bilər:
"Müharibədən sonra atam bu hesablar üzrə etibarnaməli şəxs təyin olunmuşdu. Bildiyimə görə, o, bu vəsaitlərə heç vaxt toxunmayıb. Əlimdə hüquqi qüvvəyə malik vərəsəlik şəhadətnaməsi var və bu da məni hesabların qanuni sahibi edir".
Köler və Meir 18 il əvvəl tanış olublar. O vaxtdan bəri bu pulların geri alınması üçün birgə çalışırlar.
"Biz bu vəsaitləri Holokost qurbanlarının nəslinə qaytarmaq istəyirik", deyə Köler bildirib.
Əsas problem ondan ibarətdir ki, banklar nasistlərin gizli hesablarının mövcudluğunu inkar edirlər. Bu səbəbdən UBS (əvvəllər "Credit Suisse") nasistlərin hesabları barədə məlumatları gizlətməkdə ittiham olunur. İttihamçılar arasında həm fiziki şəxslər, həm də ABŞ Senatı var.
"Son illərdə UBS-ə altı hesab üzrə vəsaitlərin müştərimizə qaytarılması ilə bağlı bir neçə müraciət etmişik", deyə Qüdsdən olan hüquqşünas Şmuel Beker bildirib.
UBS bu işi görməməzliyə vurmaqda davam etdiyindən, vəkil bankı məhkəməyə verməyi planlaşdırır.
Aydın
Şərhlər