Dünya 23:41 19.01.2024

Monarxı təhqir edən şəxsə 50 il həbs cəzası

Cümə axşamı, yanvarın 18-də Tailand məhkəməsi Monqkol Tirahotu adlı şəxsi monarxiyanı təhqir etdiyinə görə 50 il həbs cəzasına məhkum edib. 

Qaynarinfo xəbər verir ki, 30 yaşlı geyim satıcısı və siyasi fəal Monqkol Tirahot 2021-ci ildə həbs edilib. Keçən il o, "Facebook"da paylaşımlarda monarxiyanı təhqir etdiyinə görə 28 il müddətinə azadlıqdan məhrum edilib. İndi apellyasiya məhkəməsi onu daha bir neçə oxşar təhqirdə təqsirli bilib və cəzasını 50 ilədək artırıb.

İnsan Hüquqları üzrə Tay Hüquqşünasları təşkilatı qeyd edib, bu, Taylanddakı lese majeste qanununa görə rekord hökmdür.

Son illərdə Taylandda bu cür işlərə görə bir neçə yüz nəfərə hökm oxunub. Yerli fəallar uzun müddətdir ki, krala, kraliçaya və ya onların ailə üzvlərinə hər təhqirə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanunu tənqid edib və onun ləğvini istəyiblər. Hüquq müdafiəçilərinin fikrincə, böyük müddətləri olan lese majeste qanunu anaxronizmdir və Tayland hakimiyyəti tərəfindən siyasi rəqiblərlə mübarizə üçün istifadə olunur.

Aydın