Xəbər lenti

Moskva Kiyevlə danışıqlardan niyə çəkildi? (ŞƏRH)
Dünya 16:09 05.06.2025

Moskva Kiyevlə danışıqlardan niyə çəkildi? (ŞƏRH)

"Rusiyanın Kiyevlə danışıqlardan çıxması mütləq idi. Ukraynanın son addımları isə bu istiqamətdə ona bəhanə verdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin Ukraynanın son addımlarını "terror aktı" kimi xarakterizə etməklə, Kiyevlə sammitin və atəşkəsin mümkünlüyünə şübhə etdiyi barədə fikirlərini şərh edərkən deyib.

"İstanbul danışıqlarının mahiyyət etibarilə nəticə verəcəyinə inanmaq sadəlövhlük olardı. Putin isə danışıqları pozmaqda Ukraynanı günahlandırmaq və guya özünün sülhdə və danışıqlarda maraqlı olduğunu göstərmək istəyir. Amma əsl həyasızlıq Ukraynanın əməllərini terror, rəhbərliyini terrorçu adlandırmaqdır. Putinin məntiqilə Rusiyanın mülki vətəndaşlarına qarşı cinayət törətmək olmaz, amma Ukrayna mülki vətəndaşlarına qarşı cinayət törətmək olar", deyə Azər Qasımov bildirib.
 


Ekspertin fikrincə, əslində, bu, rus cəmiyyətinin şovinist əhval-ruhiyyəsinin məntiqi nəticəsidir:

"Rusların özlərini toxunulmaz hesab etməsinin nəticəsidir. Onlar özlərinii hamıdan yüksəkdə görürlər. Onlara məqbul olan hərəkətlər başqalarına olmaz. Bu, xəstə təfəkkürün nəticəsidir ki, etdiklərinin cəzasız qalacağına əmindirlər. Məsələ ondadır ki, Kreml zatən danışıqlarla vaxt uzadırdı. Danışıqlardan çıxacağı mütləq idi. İndi də əlinə bəhanə düşüb. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin gərgin günləri hələ qabaqdadır. Tərəflər arasında yaxın gələcəkdə atəşkəs və sülhün əldə edilməsi mümkünsüzdür".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna xüsusi xidmət orqanlarının Rusiyadakı son əməliyyatlarını ilk dəfə şərh edib. O, Bryansk və Kursk vilayətlərində dəmiryol relslərinin partladılmasını terror aktı adlandırıb və bununla bağlı siyasi müstəvidə qərarların qəbul edildiyini bildirib:

"İstanbul danışıqları ərəfəsində rus mülki vətəndaşlarına qarşı törədilən cinayətlər onları pozmaq məqsədi daşıyırdı. Artıq qeyri-legitim olan Kiyev rejimi terror təşkilatına çevrilir. Bu, "sülhə qətiyyən ehtiyac duymur", çünki bu, onlar üçün güc itkisi demək olardı. Rusiya liderinin sözlərinə görə, döyüş əməliyyatlarının dayandırılması Kiyev tərəfindən məcburi səfərbərlik, silahların doldurulması və terror hücumlarının hazırlanması üçün istifadə olunacaq: "Son hücumlardan sonra Ukrayna ilə sammitin və atəşkəsin mümkünlüyünə şübhə edirəm".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->