"Əsədə qarşı müqavimət şiddətlənəcəyi halda, Rusiya onu sona qədər müdafiə edə bilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiyanın son proseslər fonunda Suriya lideri Bəşər Əsədi qurban verməsi ehtimalını şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Ukrayna cəbhəsində vəziyyətin dramatikləşməsi və Suriyada müxalif qüvvələrin kifayət qədər güclü mövqe nümayiş etdirməsi Rusiyanı çətin vəziyyətə salıb:
"Moskva Suriya cəbhəsində Bəşər Əsədə dəstək məqsədilə ciddi qüvvə ayırsa, bu hazırkı Rusiya resurslarının parçalanması anlamına gələcək. Bu isə imkanları getdikcə daralan Rusiyaya sərf etmir. Kreml sonadək Əsədi müdafiə edə bilməyəcək. Əvəzində çalışacaq ki, Aralıq dənizində yerləşən bazalarını qorusun".
Politoloq Əlimusa İbrahimov isə düşünür ki, bu, ilk növbədə Rusiyanın Əsədə yardım etmək imkanına malik olub-olmamasından asılı olacaq:
"Rusiya Əsədə yardım etmək üçün Ukrayna cəbhəsindən qoşun yeridib-yeritməməklə bağlı dilema qarşısındadır. Hər iki hal Rusiya üçün əlverişsizdir. Bu mənada düşünmürəm ki, Rusiya Ukrayna cəbhəsindən müəyyən hissələri Suriyaya göndərsin. Deməli, Moskva Əsədə ciddi şəkildə yardım edə bilməyəcək".
Lakin ekspertə görə, bu heç bir halda Rusiyanın Əsədi qurban verəcəyi anlamına gəlmir:
"Kreml digər vasitələrdən istifadə etməklə Əsədi müdafiə edəcək. Onun qurban verilməsi Rusiyanın bölgəni itirməsilə nəticələnə bilər. Bu istiqmaətdə Rusiya diplomatiyaya güc verəcək, Türkiyə ilə danışıqlar aparacaq. Nəyisə Türkiyəyə güzəştə gedəcək. Bunun da nə dərəcədə alınıb-alınmayacağı hücum edənlərin qətiyyətindən asılıdır".
Qeyd edək ki, Hələb şəhəri və ətrafının müxalif qüvvələrin əlinə keçməsilə Suriya lideri Bəşər Əsədin vəziyyəti xeyli pisləşib. Onun rəqiblərinə müqavimət göstərməsi imkanları dardır. Bunun nəticəsidir ki, günü-gündən hücumda olan müxalifətin mövqeləri möhkəmlənir. Bu fonda belə fikirlər səslənir ki, Rusiya başı Ukrayna müharibəsinə qarışdığından artıq Bəşər Əsədə dəstək vermək gücündə deyil. Ona görə də Kreml Əsədi qurban verə bilər.
Rüfət Sultan
Şərhlər