Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir.
Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovun yaratdığı "M" teatrının binasında nümayiş etdiriləcək.
Vidadi Həsənovun quruluşçu rejissoru olduğu tamaşada aktyorlardan Ülviyyə Qarayeva və Pərviz Teymurov rol alacaq.
Natiq Fərzəliyevin sözlərinə görə, balaca boylu aktyorlara teatrlarda iş verən yoxdur:
"Bilirsiniz ki, mənim pərəstişkarlarım var, həmişə soruşurdular ki, niyə öz teatrını yaratmırsan. Düzdür, mənim üçün tamaşalarda xüsusi rollar yazılırdı, dəvət edirdilər, oynayırdım. Amma mənə normal obrazlar verilmirdi. "Hamlet”, "Otella" oynaya bilmərəm. Bizdə Əsa Teatrı var, fiziki qüsurlu insanlarda ibarət teatrdır. Bu adamlar işlə təmin olunmaqda çətinlik çəkirlər".
Natiq Fərzəliyev deyir ki, balaca boylu aktyorlardan ibarət teatr Azərbaycanda ilk layihədir:
"Həm işsizliyin qarşısını almaq məqsədi daşıyır, həm də belə adamlardan ibarət teatr Azərbaycanda olmayan bir layihədir. Kiçik boylu adamlardan ibarət tamaşalar hazırlayacağıq. İstənilən əsərlərə quruluş verəcəyik, özüm də oynayacağam".
Bahar Rüstəmli
Şərhlər