XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?
Dünya22:28 06.09.2026

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur.

Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən – okeanın əlçatmazlıq qütbündən gedir. “Mirror”un yazdığına görə, Nemo nöqtəsi ən yaxın quru sahəsindən təxminən 2688 kilometr məsafədə yerləşir. Eyni zamanda, Yer səthindən təxminən 400 kilometr yüksəklikdə hərəkət edən BKS bu nöqtəyə quruda yerləşən istənilən insandan daha yaxın olur.

Bu ərazidə okeanın dərinliyi təxminən 4000 metrə çatır. Sivilizasiyadan son dərəcə uzaqda yerləşməsinə baxmayaraq, burada həyat mövcuddur: sularda mikroorqanizmlərlə yanaşı tuna balığı, qılıncbalığı və marlinlərə də rast gəlinir.

Lakin nəşrin qeyd etdiyi kimi, bu okean sahəsinin əsas məşhurluğu dəniz canlıları ilə deyil, kosmosla bağlıdır. Nemo nöqtəsinin ətrafındakı ərazi iri kosmik obyektlərin idarəolunan şəkildə Yerə qaytarılması üçün ən əlverişli yerlərdən biri hesab olunur.

Bölgə yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün kosmik aparatın qalıqlarının insanların və ya binaların üzərinə düşməsi ehtimalı olduqca azdır.

Məhz buna görə onilliklər ərzində istismardan çıxarılan kosmik aparatların bir qismi bu əraziyə yönəldilib. 1971-2016-cı illər arasında burada 260-dan çox kosmik obyekt okeana batırılıb.

Onların arasında sovet orbital stansiyaları “Salyut”, eləcə də məşhur “Mir” stansiyası olub.

Burada BKS-nin tarixini başa çatdırmağı planlaşdırırlar

Sakit okeanın bu ucqar ərazisinə göndəriləcək növbəti böyük konstruksiya BKS olacaq. Stansiyanın 2030-cu illərin əvvəlində istismardan çıxarılması planlaşdırılır. Missiyası başa çatdıqdan sonra stansiyanın orbitdən çıxarılaraq Nemo nöqtəsinə doğru yönəldilməsi nəzərdə tutulur.

Gözlənilir ki, konstruksiyanın böyük hissəsi atmosferə daxil olarkən parçalanacaq, qalan fraqmentlər isə əvvəlcədən müəyyən edilmiş təhlükəsiz zonada okeana düşəcək.

Nə üçün məhz bu ərazi seçilib?

Nemo nöqtəsi qurudan o qədər uzaqda yerləşir ki, bir növ “kosmik tullantı poliqonu” kimi istifadə olunur. Böyük yaşayış məntəqələrinin olmaması bu ərazini kosmik tullantıların idarəolunan şəkildə düşürülməsi üçün əlverişli edir.

Bundan əlavə, akvatoriyanın əhəmiyyətli hissəsi milli ərazi sularından kənarda yerləşir ki, bu da belə əməliyyatlar üçün ərazinin seçilməsini asanlaşdırır.

Beləliklə, planetin ən ucqar və yaşayış olmayan ərazilərindən biri zamanla kosmonavtika tarixinin ən məşhur qurğularından biri olan Beynəlxalq Kosmik Stansiyanın son dayanacağına çevrilə bilər.

Aydın