İdman 11:24 12.05.2022

Oqtay Abdullayev: “AFFA da bilir ki, bu məbləğlə komanda saxlamaq olmaz”

"Turan Tovuz” Premyer Liqaya vəsiqə qazandıqdan sonra sponsor axtarışlarını davam etdirir. 
 
Bu haqda Qaynarinfo-ya klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.  

Veteran futbolçu açıqlamasında son yeniliklər haqda bunları söyləyib:
 
"Hələ heç nə həll olunmayıb. Sabah baş katiblə görüşüb büdcəmizi təsdiq etdirəcəyəm. Sonra Tovuza yollanacağam. Orda baş məşqçiliyə namizədləri nəzərdən keçirəcəyəm. Müşahidə Şurasının işi bu məsələlərdə nizamlama aparmaqdır”.
 
Maraqılıdır, Abdullayev büdcə ilə bağlı nə düşünür?
 
"500 min manatla komanda saxlamaq olar? Dəqiqləşdirəcəyəm, görüm AFFA bizə nə qədər pul ayıracaq. Düzdür 500 min deyirlər, amma özləri də yaxşı bilir ki, bu məbləğlə komanda saxlamaq olmaz. Məbləğin artırılması üçün müraciət edəcəyəm. Mən bilən, təklifə razı olacaqlar. Nəsə var ki, deyirəm. Xeyirli nəticə olacaq”.
 
O, baş məşqçilərin siyahısında 4 nəfər namizəd olduğunu deyib: 
 
"4 namizəd var - Yunis Hüseynov, Əsgər Abdullayev, Ramin Quliyev və Ayxan Abbasov. Bizdə hər şey şəffaf olmalıdır. Müşahidə Şurasında səsvermədən sonra səslər bərabər olsa, son qərarı mən verəcəyəm. İstəyirəm hamızın fikri eyni olsun. Hər halda 4 nəfərdən kimsə seçilməlidir”.
 
Abdullayev "Turan Tovuz”un Premyer Liqada iştirak edəcəyi ilə bağlı məlumatlandırıldıqlarını deyib: 
 
"Bəli, qərar verilib, "Kəpəz”lə "Turan Tovuz”un Premyer Liqada oynaması ilə bağlı razılıq əldə olunub. Lisenziyalaşdırma Komissiyasının cavabı deyilib. Tək mənə deyil, bütün mətbuata bildiriblər. Hesab edirəm ki, büdcə məsələsində iş adamları, Futbolun İnkişaf Fondu da kömək edəcək. AFFA bizə dəstəyini göstərəcək”.

Səbuhi Həsənov