Xəbər lenti

Paris Ermənistanı Ukraynaya çevirmək istəyir (ŞƏRH)
Dünya 14:24 13.11.2023

Paris Ermənistanı Ukraynaya çevirmək istəyir (ŞƏRH)

"Fransanın Ermənistanı silahlandırmasında məqsəd Parisin bu bölgədə hərbi baza yaratmaq niyyətinin tərkib hissəsidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.

Ekspert vurğulayıb ki, Fransanın Cənubi Qafqazda Ermənistan üzərindən reallaşdırmaq istədiri maraqları var:

”Paris Cənubi Qafqazda yaranmış yeni reallıqları öz xeyrinə dəyərləndirmək istəyir. Fransa Rusiyanı  bölgəmizdən sıxışdırıb çıxarmaqla, özü burada söz sahibi olmağa çalışır. Bu fonda Paris Avropa  İttifaqından da bir alət olaraq istifadə edir. Fransanın pozuculuq fəaliyyəti nəticəsində Brüssel  formatı da dalana dirənib. Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində Fransanın neokolonializm siyasətini kəskin ifşa edərək, neokolonizmlə üzləşən ölkələri öz hüquqlarının müdafiəsinə səslədi. Bu çağırışdan sonda Qoşulmama Hərəkatına üzv olan Afrika ölkələrində Parisə qarşı güclü hərəkat başladı. Bəzi Afrika ölkələri Fransaya qarşı çıxdı. Ona görə də Fransanın insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur”. 
 


Həmsöhbətimiz bildirir ki, Fransanın Ermənistanı silahlandırması onu Azərbaycana qarşı yönləndirmək məqsədi ilə məhdudlaşmır:

"Paris digər Qərb ölkələri kimi, Ermənistan vasitəsilə həm də Rusiyaya qarşı da dirəniş nümayiş etdirmək istəyir. Paris Ermənistandan sanki bir  Ukrayna düzəltməyə, ondan istifadə etməklə yeni geosiyasi konfiqurasiyada regionda özü üçün yer almağa çalışır. İrəvanı silahlandırmaqla Fransa bu addımla hansısa bir baza və yaxud hərbi güc şəklində özünün Ermənsitanda mövcudluğunu təsdiq etmək niyyətindədir. Ermənistanı silahlandırması Fransanı vasitəçilik missiyasından məhrum edir. Belə münasibət vasitəçilik missiyasına daban-dabana ziddir. Parisin addımı sülhə aparmır, əksinə münaqişəni daha da gücləndirə bilər. Əslində, Paris Ermənistanın qəbirqazanı rolunda çıxış edir”.

Qeyd edək ki, Fransanın növbəti hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana gətirilir. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, "Acmat” şirkətinin istehsalı olan "Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar gətirilir. Həmçinin "Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->