Xəbər verdiyimiz kimi, Türkiyə kinosunun unudulmaz simalarından biri olan Kadir İnanır ötən gün vəfat edib. Məşhur aktyor 77 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Kadir İnanır 15 aprel 1949-cu ildə Ordu vilayətinin Fatsa rayonunda anadan olub. Çoxuşaqlı ailənin ən kiçik övladı olan aktyor uşaqlıq illərini Qara dəniz bölgəsində keçirib.
Kino sənətinə marağı erkən yaşlarından formalaşan Kadir İnanır ilk və orta təhsilini Fatsada aldıqdan sonra İstanbula köçüb. O, "Haydarpaşa" liseyini bitirib, daha sonra Mərmərə Universitetinin Kommunikasiya fakültəsinin Radio və Televiziya ixtisasında təhsil alıb.
Tələbəlik illərində modelliklə məşğul olan Kadir İnanır 1967-ci ildə "Səs" jurnalının təşkil etdiyi müsabiqədə iştirak edib. Həmin müsabiqədə qalib olmasa da, 1968-ci ildə "Saklambaç" qəzetinin keçirdiyi "Fotoroman artisti" müsabiqəsinin qalibi olub.
Aktyor sonralar həmin dövrü belə xatırlayıb:
"Tibb fakültəsinə qəbul ola bilmədim. Digər seçimlərimə də getmədim. Elə həmin vaxt müsabiqə məsələsi ortaya çıxdı və universitetə başlaya bilmədim. Amma sonda kino doktoru oldum".
Onun sözlərinə görə, müsabiqəyə şəkillərini dostu göndərmişdi. Finala yüksəldikdən sonra ailəsi ilə ciddi mübahisə yaşasa da, sonda müsabiqənin qalibi olub.
Kiçik rollarla başlayan kino karyerası 1970-ci illərdə sürətlə yüksəlib. Türkan Şorayla birlikdə çəkildiyi "Karagözlüm" filmində canlandırdığı Şopen obrazı ona geniş şöhrət qazandırıb.
Sonrakı illərdə Kadir İnanır Türkan Şoray, Filiz Akın, Serpil Çakmaklı, Müjde Ar və Sibel Turnagöl kimi dövrün tanınmış aktrisaları ilə eyni filmlərdə rol alıb. Onun ədalət uğrunda mübarizə aparan, qürurlu və sadə insan obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Karyerası ərzində 200-ə yaxın filmdə rol alan aktyor "Utanç" (1973) filminə görə 5-ci "Altın Koza" Film Festivalında, "Yılanların Öcü" (1985) filminə görə isə 1986-cı ildə keçirilən "Antalya Altın Portakal" Film Festivalında "Ən yaxşı kişi aktyor" mükafatına layiq görülüb.
1977-ci ildə Atıf Yılmazın rejissorluğu ilə ekranlaşdırılan "Selvi Boylum Al Yazmalım" filmində Türkan Şorayla baş rolu bölüşən Kadir İnanırın canlandırdığı İlyas obrazı Türkiyə kino tarixinin ən yaddaqalan personajlarından biri hesab olunur.
1992-ci ildə "Savcı" serialı ilə televiziya layihələrində də çəkilməyə başlayan aktyor sonrakı illərdə "Marziye", "Derman Bey", "Azap Yolu", "Kırık Ayna" və digər seriallarda rol alıb. Böyük kinoya isə Sinan Çetinin rejissoru olduğu "Komissar Şekspir" filmi ilə qayıdıb.
Şəxsi həyatını daim mediadan uzaq saxlayan Kadir İnanır 2002-ci ildən aktrisa Jülidə Kural ilə birlikdə yaşayıb. O, müsahibələrinin birində onun haqqında belə deyib: "Jülidə xanım əsl qəhrəmandır. O, son dərəcə güclü, zəhmətkeş və böyük sənətkardır".
2003-cü ildə aktyor 24 ildən sonra "Gönderilmemiş Mektuplar" filmində yenidən Türkan Şorayla tərəf müqabili olub. 2005-ci ildə isə Memduh Ün və Tunç Başaranın çəkdiyi "Sinema Bir Mucizedir" filmində Fatma Giriklə birlikdə baş rolda çıxış edib. Bu ekran əsəri onun böyük kinoda son filmi olub.
2012-ci ildə bel yırtığı əməliyyatı keçirən aktyorun sonrakı müayinələri zamanı ağciyərində şiş aşkar edilib və o, ikinci dəfə əməliyyat olunub.
2021-ci ildə Muğlada istirahət zamanı səhhəti pisləşən aktyorun beyninə tromb atdığı müəyyən edilib. Müalicədən sonra sağalsa da, 2024-cü ildə yenidən beyin damarında tromb yaranıb və o, huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu hadisədən sonra bədəninin sağ tərəfi iflic olub, süni tənəffüs aparatına qoşulub və uzunmüddətli müalicə ilə reabilitasiya prosesi başlayıb. Son iki il ərzində bir neçə əməliyyat keçirən və fizioterapiya alan aktyor mayın 15-də tənəffüs çatışmazlığı səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.
Kadir İnanır Türkiyə kinosunda yaratdığı yaddaqalan obrazlarla "Yeşilçam"ın ən nüfuzlu aktyorlarından biri kimi xatırlanır.
Aydın
Şərhlər