"Çox güman ki, göbələk xarab olub. Göbələk xarab olanda onun üzərində botulizm və başqa qida toksiko infeksiyaları ola bilər ki, bunlar da orqanizm üçün çox təhlükəlidir".
Bunu Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Şirvan şəhərində göbələkdən baş verən zəhərlənmədən danışarkən deyib.
Professor bildirib ki, bu qida toksiko infeksiyasıdır:
"Bu infeksiya hətta ölümə qədər gətirə bilən təhlükəli durumlar yarada bilər. Adətən biz kütləvi zəhərlənmələrdə bunu müşahidə edirik. Balıqdan, göbələkdən, evdə hazırlanmış turşulardan, konservləşdirilmiş ərzaqlardan istifadə zamanı çox vaxt zəhərlənmə baş verir. Ona görə diqqətli olmaq lazımdır".
Professor hesab edir ki, qida toksiko infeksiyalarından zəhərlənmək ehtimalı həmişə mümkündür:
"Evdə qidanı normal saxlamayanda, vaxtı keçəndə, xarab olanda, konservaolunma prosesi pozulanda bu baş verə bilir. Biz zaman-zaman evdə hazırlanmış turşular və müxtəlif konservləşdirlmış ərzaqlardan istifadə zamanı zəhərlənmə hallarını görürük. Ona görə bunlardan istifadə edərkən həmişə onun təzəliyinə fikir vermək lazımdır".
Qeyd edək ki, Şirvanda 1 ailənin 3 üzvü zəhərlənib. M. Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.
Bahar Rüstəmli
Şərhlər