İngiltərədə təxminən 4 milyon funt-sterlinq dəyərində olan lüks ev qonşuların şikayətindən sonra sökülmə təhlükəsi ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, hadisə ölkənin nüfuzlu yaşayış məntəqələrindən biri olan Sandbanks bölgəsində baş verib. 69 yaşlı Neil Kennedi 2023-cü ildə Poole limanına baxan köhnə birmərtəbəli evini sökərək onun yerində üçmərtəbəli lüks villa tikdirib. Lakin sonradan məlum olub ki, tikinti zamanı təsdiqlənmiş layihədən kənara çıxılıb.
İcazəsiz dəyişikliklərə qonşu həyətə baxan geniş balkon, binanın yan hissəsinə əlavə edilmiş pəncərələr və damda quraşdırılmış kondisioner sistemi daxildir.
Qonşular arasında yer alan, televiziya siması və interyer dizayneri Celia Soyer yeni balkonun bağını birbaşa gördüyünü, bunun isə şəxsi həyatının toxunulmazlığını pozduğunu bildirib. O, xüsusilə günəş vannası qəbul edərkən narahat olduğunu deyib.
Digər qonşu Qart Veston isə əlavə pəncərələrdən birinin yataq otağına baxdığını, kondisionerin isə səs-küy yaratdığını iddia edib.
Məsələ məhkəməyə qədər gedib çıxıb. Ev sahibi sonradan aparılan dəyişikliklər üçün tikinti icazəsi alsa da, Veston bələdiyyənin qərarından narazı qalaraq işi Ali Məhkəməyə çıxarıb.
Məhkəmə müəyyən edib ki, bələdiyyənin planlaşdırma üzrə əməkdaşı əraziyə baxış keçirmədən qərar verib və dəyişikliklərin qonşulara təsiri lazımi şəkildə qiymətləndirilməyib. Nəticədə verilmiş icazə ləğv olunub və ev hazırkı vəziyyətdə icazəsiz tikili hesab edilir.
Hazırda Neil Kennedi evi qoruyub saxlamaq üçün yenidən planlaşdırma icazəsi almağa çalışır. Onun vəkili layihədəki dəyişikliklərə görə ev sahibinin deyil, memarlar və tikinti şirkətinin məsuliyyət daşıdığını bildirir.
Bununla belə, yerli sakinlər və Sandbanks Məhəllə Forumu yeni müraciətə də etiraz edərək tikilinin qonşuların məxfiliyini pozduğunu və kondisioner sisteminin səs-küy yaratdığını vurğulayıblar.
Səlahiyyətli qurumların yeni müraciətlə bağlı qərarı hələ açıqlanmayıb. Lakin mövcud vəziyyətdə lüks evin sökülməsi ehtimalı gündəmdə qalır.
Aydın
Şərhlər