Xəbər lenti

Qunduz sevgi axtarışında: 3 dəfə qoruqdan qaçdı və sonda ata oldu
Dünya 15:53 19.07.2026

Qunduz sevgi axtarışında: 3 dəfə qoruqdan qaçdı və sonda ata oldu

Böyük Britaniyada partnyor tapmaq üçün dəfələrlə saxlanıldığı qoruqdan qaçan Stiv adlı qunduz ilk dəfə ata olub. Onun "həyat yoldaşı" Doris may ayının sonlarında bala dünyaya gətirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Stivin hekayəsi İngiltərənin Nortamberlend qraflığındakı "Wallington” malikanəsində yerləşən qoruqdan bir neçə dəfə qaçdıqdan sonra geniş maraq doğurmuşdu. Davamlı qaçışlarına görə ona məşhur "Böyük qaçış” filminin ulduzu, amerikalı aktyor Stiv MakKvinin şərəfinə Stiv adı verilmişdi.

Sonradan qoruq əməkdaşları belə nəticəyə gəliblər ki, bu qaçışların əsas səbəbi qunduzun təbii olaraq özünə partnyor axtarma instinkti olub. 2024-cü ilin sonunda üçüncü dəfə qaçdıqdan sonra onun üçün yeni yaşayış yeri tapmaq qərara alınıb.
 


Beləliklə, Stiv Uelsdə yerləşən "Cefn Garthenor” fermasına köçürülüb və burada Doris adlı dişi qunduzla "tanış edilib".

"Bu, kor-koranə təşkil olunmuş bir görüş idi. Hər şeyin uğurlu alınmasına çox sevinirik”, deyə fermanın nümayəndəsi Alister Hyuz bildirib.

Onun sözlərinə görə, Stiv Doris ilə "tanış olduqdan" sonra artıq qaçmağa cəhd göstərməyib.

"Görünür, Doris Stivin bütün diqqətini elə cəlb edib ki, onun artıq qaçmağa nə vaxtı, nə də enerjisi qalıb”, deyə Hyuz zarafat edib.

Yeni doğulan qunduz balasının cinsi hələ məlum deyil. Fermanın əməkdaşları onun adına dair seçim üçün ziyarətçilər arasında onlayn səsvermə keçirməyi planlaşdırırlar.

Bu arada "Wallington” malikanəsində də ən azı iki yeni qunduz balasının doğulduğu açıqlanıb. Onların Stivin kiçik bacısı və ya qardaşı olduğu bildirilir. Qoruğun əməkdaşlarının sözlərinə görə, bu, Avrasiya qunduzlarının ardıcıl üçüncü uğurlu çoxalma mövsümüdür və heyvan populyasiyasının sağlam vəziyyətdə olduğunu göstərir.
 
Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->