İdman 10:12 27.05.2022

Qurbanov laqeydlikdən gileyləndi: “Bu, AFFA üçün böyük məbləğ deyildi”

Milli komandalarımızın skautu kimi fəaliyyət göstərən İlqar Qurbanovun hələ martda UEFA-nın təşkil etdiyi kurslara qatılacağı gözlənilsə də, bu baş vermədi. Daha doğrusu, AFFA onu özünü inkişaf etdirmək üçün əlinə düşən fürsətdən yararlanmağa qoymadı. Düzdür, qurumdan saytımıza bildirdilər ki, kurs kommersiya xarakterlidir və bunun ödənişsiz variantı da olur. Qurbanovu da həmin ödənişsiz kurslara göndərcəklər. Ancaq AFFA-nın boş və mənasız layihələrə milyonları ayırdığını göz önünə gətirsək, bu, ölkənin ali futbol assosasiyası üçün o qədər də ciddi problem olmamalı idi. Hər halda Qurbanovun özünü daha da inkişaf etdirməsi üçün belə kurslara ehtiyacı çoxdur. Hansı ki, bu gün məhz skaut sistemi müasir futbolda əhəmiyyətli rol oynayır. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son müsahibəsində bildirmişdi ki, belə davamiyyətlə Azərbaycan futbolunu yaxşı heç nə gözləmir. Əlbəttə, təcrübəli mütəxəssis həqiqəti söyləmişdi. Bu batmanın səbəblərindən biri də ölkədə skaut sisteminin olmamasıdır. Məhz bu boşluqdan istifadə edən işbazlar da milliyə faydasız futbolçuları soxuşdurur və bu sayədə özləri qazanc əldə edir. Ölkə futbolu isə həqiqətən batır…

Elə AFFA-dan yetərincə dəstək görməyən veteran futbolçu da Qaynarinfo-ya müsahibəsində məhz ona qarşı göstərilən laqeydlikdən gileyləndi. Skaut kimi inkişaf etmək üçün AFFA-dan dəstək görməyən Qurbanov narazılığını açıq şəkildə çatdırmaqdan çəkinmədi.

- Mart ayında UEFA-nın təşkil etdiyi kurslarda iştirak edəcəyiniz gözlənilsə də, AFFA sizi ora göndərmədi. Qurumun mətbuat xidmətindən saytımıza açıqlama verilmişdi ki, məhz kommersiya xarakterli olduğu üçün oxumağınızı məqsədəuyğun saymayıblar. Hər halda getmək istəyərdiniz…

- Açığı, bu kursların keçiriləcəyini gözləyirdim. Çünki müxtəlif ölkələrdən CV göndərirlər və qəbul olunmaq üçün cavab gözləyirlər. Mən də kurslara qəbul edilmişdim. Sonra sizə açıqlama verdilər ki, kurslar ödənişlidir. Nə deyim? Məşqçilərimizin, keçmiş futbolçularımızın, inkişafını istəyirlərsə, hər halda bu, AFFA üçün böyük məbləğ deyildi. Əksinə, dəstək verib belə kurslara göndərməlidirlər ki, öz üzərimizdə çalışaq. Bu, şəxsi fikrimdir. Heç kimdən çəkinmirəm və sözümü deyirəm. Çünki karyeramı bitirmişəm və özümü daha yaxşı yerlərdə görmək istəyirəm. Oxumasam, necə inkişaf edəcəm, kimə faydam olacaq? Təəssüf ki, belə alındı. Hətta orada oxumaq üçün pulu öz cibimdən də ödəməyə hazır idim. Çünki bu iki ildən bir keçirilən kursdur. Bir də 2024-cü ildə olacaq. Yanvarda Antalyada bir rəhbər məni klublarla görüşdürdü. Hansı ki, bu görüş üçün özüm pul ödəmişdim. İki Avropa klubu, bir yığma komanda vardı. Xərcini özüm çəkmişdim ki, üzərimdə çalışım. Çünki Azərbaycanda ilk skaut mənəm. Hazırda, bilirsiniz ki, futbolda skautlar çox önəmlidir. 

- Pullu kurslarla ödənişsizlərin hər hansı bir fərqi var?

- Ödənişli kurslar daha yüksək səviyyədə olur. Bilmirəm, nə üçün belə qərar verdilər. Ancaq, bu o demək deyil ki, susmalıyam. Mən yox, yerimə başqası olsun. Öz haqqımı tələb etməliyəm. Bəs biz hansı inkişafdan danışırıq? 

- Vəzifəniz millilərimizin skautu olsa da, sizi toplanışlarda görmürük, bunun səbəbi nədir?

- Bilmirəm səbəb nədir. Skaut bütün toplanışlarda olmalıdır. Məşqçilərlə, futbolçularla diskussiya aparmalıdır. Əsas milliyə iki futbolçu cəlb etmişdim - Rüstəm Əhmədzadə və Anatoli Nuriyev. Ancaq heç bir toplanışda iştirak etməmişəm. U-21-də Emin Mustafayev var. Hansı ki, Ukrayna millisinə dəvət almışdı. Onun bizim milliyə gəlməsinə nail oldum. Bu, elə-belə şey deyil. Özü də bu uşağı çoxdan məsləhət görmüşdüm. Bildirmişdim ki, gələcəyi parlaqdır, yığmaya dəvət etmək lazımdır. Sağ olsun atası, elə özü də mənə bu işdə köməklik göstərdilər. Aşağı yaş qruplarına Almaniya klublarından, məsələn, "Paderbörn”dən uşaq cəlb etmişəm. Yığmalarımıza cavabdeh olan Miloş Velebit ondan çox məmnundur. O cümlədən digər yığma məşqçisi Aqil Nəbiyev də eyni fikirdədir. Bir il içində çox işlər gördüm. Hər yerdə görmüşük ki, işləyən insana dəstək göstərirlər. Amma təəssüf ki, burda belə şeyə şahidlik etmədim. Adətən keçmiş futbolçulara iş verəndə onlar rəhbərliyin dediyini edir. Mən isə tələbkaram, işimi ən yaxşı şəkildə görmək istəyirəm. 

- AFFA ilə müqavilə imzalayanda sizə nə söz vermişdilər? Öhdəlikləri yerinə yetirirlər?

- Skaut sisteminin işləməsi ilə bağlı təkliflərim vardı. Hər şeyə razılıq vermişdilər. Bir il ərzində, işimi görürdüm. Bu çox çətin işdir. Xaricdəki skautlarla, menecerlərlə əlaqələrin olmalıdır. Bunun üçün toplanışlara getmək, onlarla görüşmək lazımdır. Bakıda oturan skaut, yaxud menecer, hardan bilsin ki, Sibirdə azərbaycanlı futbolçu var? Onu axtarmaq, həmin bölgələrə baxan menecerlərlə əlaqə saxlamaq lazımdır. Almaniyada tanışlarım var. Əlaqələrin hamısını hələ futbolçu karyeramı davam etdirdiyim vaxtlarda qurmuşdum ki, sonradan mənim üçün rahat olsun. Özümü buna əvvəlcədən hazırlayırdım. Nəticədə bir il içində çox rahat oldum və müəyyən işlər gördüm. Bunu heç kim dana bilməz. Aqil Nəbiyevdən, Velebitdən, Milan Obradoviçdən, lazım gəlsə De Byazidən də soruşa bilərsiniz. Yalnız Elxan Abdullayevin komandasının yaş qrupu elədir ki, əsgərlik dönəminə və təhsil alanların imtahan vaxtlarına düşür. Belədə çox futbolçu gələ bilmirdi. Mən də istəyirəm ki, Azərbaycan futboluna köməyim dəysin. 

- Təkcə Azərbaycandakı oyunları izləməklə inkişaf etmək mümkündür?

- Bu, inkişaf deyil. Belədirsə, onda skaut otursun evdə, 24 saat telefonla danışsın. Bu, şikayət deyil, sadəcə vəziyyət belədir. Tələb etməliyik, çünki futbolumuz batır.

- Yeri gəlmişkən, Qurban Qurbanov son açıqlamasında demişdi ki, Azərbaycan futbolunu yaxşı heç nə gözləmir. Onun fikrinə dəstək olanlar görünmür.
 


- Mən tam dəstək verirəm. Adam düz deyir. Çox gecikmişik. Problemləri saymaqla bitməz. Aşağı yaş qruplarına, klublarımızın əksəriyyətinə baxın, biabırçılıqdır. İşləyən insana dəstək olmaq, onu müəyyən kurslara göndərib, oxutmaq lazımdır. Bəs Avropa irəli necə gedir?

- Gürcüstanda 17 yaşlı futbolçular arasında UEFA-nın İnkişaf Turniri keçirildi. Ən azından sizi həmin turnirə göndərə bilərdilər...

- Gürcüstana Əsgər Abdullayevi göndərmişdilər. Düzdür, Əsgər müəllim böyüyümüzdür. Bəs, UEFA-nın İnkişaf Turnirində skaut niyə yox idi? Ümumi şəkildə bunu qabartmaq lazımdır. Bilirsiniz, problem təkcə mənimlə bağlı deyil. Sabah mən də Gürcüstana və ya başqa ölkəyə gedə bilərəm. Amma beləliklə hər şey bitmir axı. Bu gün Azərbaycanda yeganə skaut mənəm. Əhmədzadə hələ "Minay”a keçməmişdən əvvəl onun potensialını görüb De Byazi ilə diskussiya aparmışdım. Ona baxmasını, şans verməsini istəmişdim. Sağ olsun, izlədi. Belədə Azərbaycan futboluna nəsə qazandırmış olursan. Emin Mustafayev Ukraynada U-18-də oynayanda bir neçə klubumuza təklif etmişdim. Lakin buna soyuq yanaşmışdılar. Sonra gördülər ki, əvəzedicilərdə bombardir oldu, əsas oyunçuya çevrildi və Ukrayna millisinə dəvət aldı. Aşağı yaşlı oyunçuları dəyərləndirmək, onlara şans vermək lazımdır. Qurban Qurbanov hamısını düzgün vurğuladı. Biz futbolçuyuq, düzgün danışmalıyıq. 

- Hələ ki, ölkədə, demək olar, yeganə rəsmi skautsunuz. Hazırda dünya futbolunda skautların önəmini nəzərə alsaq, Azərbaycanda bu sahəyə niyə diqqət ayrılmır? 

- Sərf eləmir. Deyirlər ki, "skautu neyləyirik, özümüz baxacağıq”. Amma özlərinin əksəriyyətinin futboldan başı çıxmır. Bəzi klublarda rəsmi skautlar olmasa da, fəaliyyət göstərənlər var. Futbolçuları izləyirlər. Skaut dünyanın hər yerində var. Bu yaxınlarda azərbaycanlı məşqçilərdən biri Türkiyədə Superliqa komandalarından birinə baxmağa getmişdi. Qayıdandan sonra mənə şokda olduğunu, hələ belə bir sistem görmədiyini dedi. Ona cavab verdim ki, bunları mən hələ 2003-cü ildə, "Fənərbağça”da Kristof Daumun vaxtında görmüşəm. Hansı ki, komandada qapıçı məşqçisi və digər köməkçilərlə yanaşı, skaut da olurdu. Hətta skautun köməkçisi də var idi. Hələ mən Avropadan danışmıram. Orada "gənc oyunçu” deyəndə 16 yaşlı uşaqlar nəzərdə tutulur. 18 yaş artıq "qoca” sayılır. Onlar deyirlər ki, 18 yaşlı uşaq inkişaf etmirsə, o zaman niyə 16 yaşı olanın qarşısını kəsməliyəm? Yəni 18 yaşlı futbolçunu başqa kluba icarəyə göndərməklə daha gənclərə köməklik etmiş olurlar. O da "artırmırsa” göndərib, yerinə aşağı yaş qruplarından başqa uşaq dəvət edirlər. Bizdə isə 25 yaşı olana "perspektivli” deyirlər. Vüqar Nadirovun 28 yaşı olanda deyirdilər ki, gəncdir, perspektivlidir (gülür). Özünə də zarafatla deyirdim ki, hələ gəncsən. İndi maliyyə də ayrılır. Heç başqa ölkələrdə bu qədər maliyyə yoxdur. Sadəcə, həmin ölkələrdə düzgün istiqamət verilir və inkişaf gedir. 

- Skautla menecerin fərqi nədir?

- Bəzən menecerin başı çıxmasa da, məşqçiyə oyunçu təklif edir. Amma skaut gedir baxır və daha uyğun olanını təklif edir. Bizdə necədir? Baxmadan, tanımadan təklif edirlər. Belədə həm məşqçinin vaxtını alırsan, həm də futbolçunu, belə desək, bədbəxt edirlər. Gəlir pul qazanır, amma oynamır. Skaut gənclərlə yanaşı, təcrübəlilərə də önəm verir. Hansısa məşqçiyə futbolçu lazım olanda, seçib göndərir. Bu həm komanda, həm də məşqçilər üçün daha sağlam sistemdir. Mənim də məqsədim budur ki, Azərbaycanda belə sistem olsun. Klublara necə gəldi legioner gətirirlər, biabırçılıqdır. İndi dönəm belədir? Bəs camaat necə işləyir? Gedirlər, məsələn, Afrikadan azyaşlı perspektiv tapırlar, aparıb Fransada klubların aşağı yaş qruplarına verirlər və üzərində işləyib yetişdirirlər. Bizdə uşaq gəlir, yarım saat məşq edir gedir. İmkanı varsa, yolda normal yemək, pulu yoxdursa, dönər, peraşki alıb yeyəcək. Belə futbolçu yetişər? Əvvəl temp yox idi, gəzə-gəzə də oynaya bilirdin. O dönəmlər getdi daha. İndi futbol sürətlidir, xeyli fiziki güc tələb edir. Ona görə də indi dincəlmək, yemək, vitaminləşdirmə çox vacibdir. 

- Skaut kimi yetərincə dəstək görməməyiniz, laqeydlik, soyuq yanaşma sizi həvəsdən salır?

- Bəli, belə laqeydlik məni həvəsdən salır. Amma peşəkar olduğuma, işimdə daha da irəliləmək istədiyimə görə bu, məni motivasiya edir. Öz imkanlarım daxilində, üzərimdə çalışacağam. Necə ki, futbol oynayanda həmişə maksimum bacarığımı ortaya qoymuşam. Biz danışmasaq, futbolumuz daha bərbad olacaq. Çünki idarə edənlərin bəziləri bilmirsən hardan gəlib. Ağıllı-ağıllı danışırlar, amma bilmirlər ki, futbol nədir, necə olur. Demirəm futbolu məhz futbolçu idarə etməlidir. Bəzi futbolçuların danışıq, özünü aparmaq qabiliyyəti, biliyi var. Bəziləri isə bunun əksidir. Bu il neçə futbolçumuz karyerasını bitirdi? Vaqif Cavadov, Cavid Hüseynov, Rail Məlikov… Onların hamısı bizə lazımdır. Onları necə inkişaf etdirməyi düşünməliyik. Çünki hamısı yaxşı oynayan uşaqlar idi. 

- Azərbaycanda belə bir sistemdə çalışacaq qədər potensial kadrlar var?

- Belə bir şirkət qurmaq fikrim var. Məqsədim oxumaq idi. Çünki ölkədə belə bir sistem yoxdur. İstəyirəm oxuyum, Azərbaycanda belə sistem yaradım və dərslər keçim. Ona görə də təhsil almaq niyyətindəyəm. Öz hesabıma da oxuya bilərəm. Amma bu sahədə çalışırıqsa, dəstək göstərilməlidir. Bizə deyirlər ki, "tələsmə, yaxşı olacaq”. Necə yəni tələsmə? Vaxt gedir. Kurslar açmaq, aşağı yaş qruplarını tez-tez xaricə göndərmək lazımdır ki, ot, meydança görsünlər. Uşaqlar süni ot örtüyündə oynadığı üçün buts görmür. Halbuki mənim 8-9 yaşım olanda, butsum vardı. İki övladım var, biri 10, digəri 7 yaşındadır. Hələ buts görməyiblər. Onlara buts alıb, süni ot örtüyündə oynada bilmərəm axı. Danışılası çox şey var. Qurban Qurbanov hər şeyi düzgün demişdi. Düzdür, futbolçu vaxtlarımızda müəyyən problemlər yaşadıq. Daha yaxşı klublara gedə bilmədik. Amma "Qarabağ”da 7 il, "Fənərbağça”da müəyyən müddət oynamışam. İstəyirəm ki, indiki gənclər daha yaxşı yerlərə getsinlər. Çünki bu indi daha rahatdır. Həmişə soruşurdular ki, niyə "Fənərbağça”da qalmadın. Mən də hücum xəttində olanları sayıram - Nikolas Anelka, Sergey Rebrov, Vladimir Besşastnıx, Aleks, Nobre… Ən zəifləri Tuncay Şanlı ilə Sərhat Akın idi. Hələ Van Hoydonk da orada idi, sonradan klubdan ayrıldı. Mənim isə həmin vaxt 17 yaşım vardı. Orada necə qala bilərdim? 16-17 yaşında olanda millinin heyətində Mahmud Qurbanov, Zaur Tağızadə, Qurban Qurbanov, Samir Əliyev kimi futbolçularla oynayırdım. Çünki yaxşı futbolçuların əhatəsində böyümüşdüm. İndi də işimi ən yaxşı şəkildə görməyə çalışıram.

- Kursa gedə bilmədiniz. Bəs qarşıdakı planlarınız necədir? Nə fikirləşirsiniz?

- Özüm kurs axtaracağam. Hansı klubların skautları yaxşıdırsa, onların yanında işləyəcəyəm. Federasiya dəstək versə, lap yaxşı, olmasa da baxarıq. Belə kurslar daimidir. Amma burada iştirak etmək istərdim, çünki çox yaxşı idi. Qismət deyilmiş, amma futbol bununla bitmir. Qarşıdan təlim-məşq toplanışları gəlir, iştirak etmək lazımdır. Sağ olsunlar, aşağı yaş qrupundan ibarət yığmalarımızın məşqçiləri daim məndən müəyyən futbolçular haqda soruşurlar. Deyirlər ki, sənin gətirdiyin futbolçulara bələdik, heç yoxlamağa ehtiyac yoxdur. Mənim biliyimə güvənirlər. 

Səbuhi Həsənov