Rusiya BMT-nin humanitar missiyasının Kaxovka SES-in bəndinin dağıdılması nəticəsində zərər çəkmiş ərazilərə girişinə icazə verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braunun bəyanatında
deyilir.
"Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə girişlə bağlı müraciətimizi rədd edib. BMT lazımi girişin əldə edilməsi üzərində işləməyə davam edəcək. <…> Ehtiyacı olan insanlara yardım göstərməkdən imtina etmək mümkün deyil”, - Denis Braun bildirib.
Beynəlxalq təşkilat Rusiya hakimiyyətini "beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etməyə” çağırıb və Rusiyanın işğal etdiyi zərər çəkmiş ərazilərə lazımi çıxışı axtarmağa söz verib.
Ötən həftə Rusiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib ki, Moskva BMT-nin humanitar qruplarına Dnepr çayının sol sahilinə çıxış imkanı verməyə hazırdır, ancaq Rusiya qanunlarına əsasən, Rusiyanın işğal etdiyi ərazi vasitəsilə.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl beynəlxalq ictimaiyyəti daşqın qurbanlarının xilas edilməsinə kömək etməyə çağırıb və Rusiyanı su basmış ərazilərdəki insanlara heç bir real yardım göstərməməkdə günahlandırıb.
"İşğal olunmuş ərazilərdə insanlara yalnız müəyyən yerlərdə kömək etmək mümkündür - rus terrorçuları fəlakət qurbanlarının mümkün qədər çox olmasına nail olmaq üçün hər şeyi edirlər", - Zelenski ötən həftə deyib.
Rusiyanın nəzarətində olan Kaxovka SES-in bəndinin uçması iyunun 6-da baş verib. Nəticədə Ukraynanın cənubunda və Xerson vilayətinin Rusiya ordusu tərəfindən işğal olunmuş hissələrində daşqınlar başlayıb.
İyunun 18-də ölənlərin sayı 52-yə çatıb: Rusiya tərəfindən təyin edilmiş işğalçı hakimiyyət daşqın qurbanlarının 35 nəfər olduğunu, Ukrayna Daxili İşlər Nazirliyi isə ölənlərin sayının 17 olduğunu bildirib. Hər iki tərəfdən 11 mindən çox insan təxliyə edilib.
Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasına səbəb texniki tuneldə baş vermiş partlayış ola bilər, - "The New York Times" beton təməlinin görünmədiyi bəndin dağıdılmasının nəticələrini əks etdirən videoya istinadla yazıb. Bu təmələ yeganə çıxış yolu texniki tuneldən keçirdi. Oraya giriş rus qoşunları tərəfindən idarə olunurdu.
Bu versiyanı bir neçə ay su elektrik stansiyasında keçirmiş ukraynalı mühəndis İqor Strelets də təsdiqləyib. Onun sözlərinə görə, bəndin bünövrəsi demək olar ki, istənilən xarici təsirə tab gətirəcək şəkildə hazırlanıb. Onun fikrincə, tuneldəki partlayış beton təməlin dağılmasının yeganə izahıdır, buna görə də bənd suyun təzyiqi altında dağılmağa başlayıb.
Bundan əlavə, Ukrayna və Rumıniyadakı seysmik sensorlardan alınan məlumatlar, həmçinin ABŞ kəşfiyyat peykləri tərəfindən qeydə alınan istilik siqnalları partlayışdan xəbər verir.
Ukrayna Rusiyanı su elektrik stansiyasını dağıtmaqda ittiham edib. Kreml bəndin dağıdılmasını Kiyevin "qəsdən təxribatı” adlandırıb.
Nizami Bağırov
Şərhlər