Xəbər lenti

Rusiya yaxın vaxtlarda ZAES-in işini bərpa edə biləcəkmi? - MAQATE
Dünya 14:26 04.06.2025

Rusiya yaxın vaxtlarda ZAES-in işini bərpa edə biləcəkmi? - MAQATE

Rusiyanın müvəqqəti işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) yaxın zamanda yenidən işə salınması mümkün deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi "Reuters” agentliyinə müsahibəsində bildirib.

Qrossinin sözlərinə görə, artıq üç ildən bəridir fəaliyyət göstərməyən stansiyanın tam fəaliyyətə başlaması üçün Dnepr çayından soyutmaya görə su nasosları ilə su çəkilməlidir. O qeyd edib ki, Rusiya ZAES-in yenidən işə düşməsinə can atdığını gizlətmir, lakin bu, yaxın gələcəkdə mümkün deyil.

Qrossi həmçinin "Greenpeace” təşkilatının hesabatına da münasibət bildirib. Həmin hesabatda Rusiyanın Ukraynanın cənub-şərqində müvəqqəti işğal etdiyi ərazilərdə elektrik xətlərinin çəkilməsi ilə stansiyanı öz enerji sisteminə qoşmağa çalışdığı iddia olunur. MAQATE rəhbəri bu barədə bunları deyib:
"Bəzi sahələrdə müəyyən işlərin aparıldığını görürük, lakin stansiyanın konkret şəkildə hansısa təşkil olunmuş və razılaşdırılmış plan əsasında Rusiya enerji şəbəkəsinə qoşulduğuna dair sübutumuz yoxdur. Biz elə bir vəziyyətdə deyilik ki, stansiya dərhal işə düşə bilsin. Bu, reallıqdan uzaqdır və bunun üçün çox vaxt lazım olacaq”.

Qrossi əlavə edib ki, əgər Dneprdən ZAES-in reaktorlarının soyudulması üçün zəruri həcmdə su gətirilməsi mümkün olsa belə, stansiyanın işə düşməsi üçün hələ bir sıra texniki tədbirlər həyata keçirilməlidir.

May ayının sonunda MAQATE bildirib ki, stansiyanın Rusiya enerji sisteminə qoşulmasına dair hər hansı əlamət müşahidə olunmur.

Zaporojye vilayətindəki işğal rejiminin fəaliyyətini izləyən mərkəzin rəhbəri Pyotr Andryuşçenko isə qeyd edib ki, Rusiya stansiyanı öz enerji sisteminə qoşmaq üçün yeni elektrik xətləri çəkir və bu, "yaxın günlərdə” baş verə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->