Xəbər lenti

Süni intellektdə
Texnologiya 19:00 23.01.2026

Süni intellektdə "nüvə silahı" bənzətməsi: Çin savaşı qazanır?

Süni intellekt dünyasında gərginlik artır. "Anthropic" şirkətinin baş direktoru Dario Amodei İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda verdiyi açıqlamalarla texnologiya sahəsində yeni müzakirənin başlanğıcını qoyub.

Qaynarinfo xəbər verir ki, Amodei ABŞ hökumətinin "Nvidia" çiplərinin Çin şirkətlərinə satışına icazə verməsini sərt tənqid edib. O, bu qərarı "düşmənə nüvə silahı vermək” ilə müqayisə edərək, çinli şirkətlərin süni intellekt sahəsində böyüməsinin qarşısında tək maneənin ABŞ çiplərinə tətbiq olunan embarqo olduğunu bildirib.

Bu açıqlama Tramp administrasiyasının "Nvidia H200" sürətləndiricilərinin Çinə satışına, əldə edilən gəlirdən 25% pay alma şərti ilə icazə verməsindən bir müddət sonra gəlib. "Anthropic" isə ixrac nəzarətlərinin daha sərt olmasını müdafiə edir. Bu mövqe, Çin bazarını itirmək istəməyən "Nvidia" və AMD kimi nəhəng şirkətlərin mövqeyi ilə ziddiyyət təşkil edir. Amodeiyə görə, ABŞ çip istehsalı texnologiyasında Çindən çox irəlidədir və bu üstünlüyü qorumaq üçün qapıların bağlı qalması vacibdir.

Çinli model inkişaf etdiriciləri, xüsusilə "DeepSeek” kimi layihələrlə qərb rəqiblərinə qarşı durmağa çalışır. Çin şirkətlərinin əsas üstünlüyü modellərini açıq şəkildə təqdim etmələridir. Yəni, donanımı olan hər kəs bu modelləri yükləyib istifadə edə bilər. Bu, məlumatlarının səhvən bir təlim dəstinə daxil olmasından qorxan böyük şirkətlər üçün Çin modellərini cazibədar edir. ABŞ şirkətləri isə modellərini əsasən qapalı saxlayır, yalnız API vasitəsilə giriş verirlər.

Amodei iddia edir ki, Çinli rəqiblər hələ real təhdid yaratmır və "DeepSeek" kimi modellər kağız üzərində yaxşı görünə bilər, amma real dünya vəzifələrində eyni performansı göstərmir. Onun sözlərinə görə, çinli inkişaf etdiricilər modellərini yalnız sınaqları keçmək üçün optimallaşdırır. "Anthropic" rəhbəri korporativ müqavilələr üçün yarışarkən qarşısında yalnız "Google" və "OpenAI" olduğunu və çinli modellərin demək olar ki, heç bir müqaviləni qazanmamasını vurğulayır.

Lakin açıqlamalarda istifadə olunan "demək olar ki” sözü çinli modellərin yavaş-yavaş bazar tapmağa başladığına dair əhəmiyyətli bir işarədir. Anthropic, əsas modellərini ictimaiyyətə açmaqdan imtina edib "Amazon" kimi nəhəng tərəfdaşlarla qapalı şəkildə işləməyə davam edir. Bu vəziyyət göstərir ki, Çin texnologiya embarqolarını aşa bilsə, süni intellekt yarışının gələcəyi ciddi şəkildə dəyişə bilər.

Aydın
--> -->