2024-cü ilin yanvarından həbsdə saxlanılan 60 yaşlı Tağı Hüseyn oğlu İbrahimovun səhhətində ciddi problemlər yaranıb.
Bu barədə onun hüquqlarını müdafiə edən vəkil, 6 saylı Vəkil Bürosunun üzvü Türkel Süleymanlı məlumat verib.
Vəkilin Qaynarinfo-ya verdiyi məlumata görə, Tağı İbrahimovun səhhəti ciddi şəkildə pisləşib: "Onun ürək-damar sistemi, qaraciyər və digər xroniki xəstəlikləri üzrə sağlamlıq durumu son dərəcə kritik hal alıb. Xüsusilə yay mövsümündə, temperaturun yüksəldiyi dövrdə bu cür xəstəliklərin daha da ağırlaşdığı, insult və infarkt riskini artırdığı bildirilir. Həbsxana mühitinin yaratdığı fiziki və psixoloji problemlər 60 yaşdan yuxarı şəxslər üçün əlavə təhlükə yaradır".
Türkel Süleymanlı vəziyyətin ciddiliyini vurğulayaraq bu şəraitin Tağı İbrahimov üçün həyati risk yaratdığını qeyd edib və təcili olaraq onun sağlamlıq vəziyyətinin tibbi ekspertiza ilə qiymətləndirilməsini, eyni zamanda alternativ qətimkan tədbirlərinə keçid imkanının nəzərdən keçirilməsini təklif edib.
Xatırladaq ki, Tağı İbrahimov 30 yanvar 2024-cü il tarixində "Bakı Ağac Emalı” ASC-yə məxsus ərazidə baş vermiş partlayış hadisəsi ilə bağlı saxlanılıb. Həmin ərazi Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsində yerləşir və iş adamı Zaur Qulu oğlu Cəfərova icarəyə verilmişdi. Onun tərəfindən mebel sexi kimi istifadə edilən sahədə baş verən partlayış nəticəsində insan tələfatı, xəsarətlər və ciddi dağıntılar meydana gəlib. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində Tağı İbrahimov saxlanılıb və onun barəsindəki həbs-qətimkan tədbiri seçilib, daha sonra bu tədbirin müddəti məhkəmə tərəfindən uzadılıb. T.İbrahimov bir ildən çoxdur ki, həbsxana şəraitində saxlanılır.
Hazırda insan haqları və məhkumların hüquqları ilə məşğul olan təşkilatların diqqətinə çatdırılan bu məsələ, yaşı 60-dan yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqi müdafiəsi və humanist yanaşma məsələsini gündəmə gətirir.
Aydın
Şərhlər