Xəbər lenti

Tarixin ən böyük təyyarəsi gəlir -
Dünya 22:12 29.05.2025

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

Sovet aviasiya əfsanəsi olan "Antonov An-225 Mriya" 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı məhv edildikdən sonra dünyanın ən böyük təyyarəsi tituluna yeni bir iddiaçı meydana çıxıb. 

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Kolorado ştatında fəaliyyət göstərən "Radia" şirkəti tərəfindən hazırlanan "WindRunner" adlı nəhəng təyyarə, yalnız ölçüləri ilə deyil, daşıma qabiliyyəti və məqsədi ilə də aviasiya tarixində yeni bir mərhələnin başlanğıcı ola bilər.

Məqsəd: Nəhəng külək turbini qanadlarını daşımaq

Hazırda istehsalat mərhələsində olmayan bu təyyarənin texniki göstəricilərinə görə, "WindRunner" 108 metr uzunluğa və 80 metr qanad açıqlığına sahib olacaq. Bu göstəricilərlə layihə gerçəkləşdikdə "Antonov An-225"i geridə qoyaraq tarixdə istehsal edilən ən böyük təyyarəyə çevrilə bilər.

Ancaq "WindRunner"ın ən mühüm özəlliyi sadəcə fiziki ölçüləri deyil. Bildirilir ki, bu təyyarə "Boeing 747" modelinin daşıya biləcəyi yükün tam 12 qatını daşıya biləcək. Bu isə onu yolçu daşınmasından tamamilə fərqli məqsədlərə - xüsusilə külək turbinlərinin nəhəng qanadlarının daşınmasına yönəldir.

Müasir dövrdə külək turbinlərinin uzun qanadlarını istehsal sahələrindən uzaq bölgələrə daşımaq böyük logistika problemləri yaradır. Yol şəbəkələrindəki dar döngələr, aşağı tavanlı tunellər və körpülər bu nəqliyyat işini çətinləşdirir. "WindRunner" bu problemləri aradan qaldırmaq üçün xüsusi dizayn edilib. Təyyarənin yuxarıya doğru açılan burnu sayəsində 100 metrədək uzunluqdakı qanadların daxil edilməsi mümkün olur. Üstəlik, qısa və asfaltlanmamış uçuş zolaqlarına enə bilmək qabiliyyəti sayəsində, bu təyyarə turbinlərin quraşdırılacağı ucqar və çətin çatılan ərazilərə birbaşa çatma imkanı yaradır.
 


Enerji və müdafiə sektorlarında inqilabi potensial

"Radia" şirkətinin baş direktoru Mark Lundstromun sözlərinə görə, "WindRunner" bu yönü ilə külək enerjisi layihələrində inqilab edə bilər. Onun fikrincə, bu nəhəng təyyarə, bərpa olunan enerji layihələrinin xərclərini azaltmaqla yanaşı, mənfəətliliyini də artıracaq. Bu isə daha çox yaşıl enerji layihəsinin həyata keçirilməsi və enerji qiymətlərinin aşağı düşməsi demək olacaq.

Təyyarənin potensialı bununla bitmir. "Radia" bu ay ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsində "WindRunner"ın hərbi sahədə, xüsusilə iri həcmli yüklərin daşınması sahəsində istifadə potensialı araşdırılacaq. Bu da təyyarənin müdafiə sənayesi kimi strateji sahələrdə də əhəmiyyətli rol oynaya biləcəyini göstərir.

İstehsal 2027-ci ilin sonlarında başlayacaq

"Radia" şirkəti təyyarənin istehsalına 2027-ci ilin sonlarına doğru başlamayı planlaşdırır. "WindRunner" reallaşdıqda yalnız yeni "səma nəhəngi" olmaqla kifayətlənməyəcək, eyni zamanda davamlı enerji və logistika sahəsində yeni bir dövrün başlanğıcını da təmsil edəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->