"Güman edirəm ki, siyasi texnoloqlar, ABŞ "dərin dövləti", Avropa strateqləri Donald Trampı Vladimir Putin təhlükəsinə inandıra biləcəklər. Ancaq bu, yaxın gələcək üçün üfiqdə görünmür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın Rusiyanın son günlər Ukraynaya qarşı həyata keçirdiyi intensiv raket hücumlarına sərgilədiyi münasibəti şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Trampın bu açıqlaması onun heç də Rusiyaya qarşı real addımlar atacağı anlamına gəlmir:
"Trampın bu mövqeyi yenilik deyil. Buna bənzər mövqeyi yaxınlarda da səsləndirib. Ancaq hesab edirəm ki, bu, onun hələ qəti mövqeyi deyil. Onun Putinlə bağlı bu son açıqlaması heç də Rusiyaya qarşı real addımlar atacağı anlamına gəlmir".
Həmsöhbətimiz hesab edir ki, Trampın yeganə çıxış yolu Amerika mərkəzli anti-Putin qütbü yaratmaqdır:
"Bu isə Avropa ilə vahid konsolidasiyadan keçir. Ukraynaya dəstək Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi şəklində deyil, real hərbi müstəvidə verilməlidir. Bununla yanaşı, Tramp Avropa ilə birgə Putini durdurmalıdır. Yəni bu kimi bəyanatlarla yanaşı, real hərbi yardım olmalıdır. Çünki Putin Ukraynanın içərilərinə doğru irəliləyir. Tramp başa düməlidir ki, belə vəziyyətdə Ukrayna ilə resurslarla bağlı müqavilənin heç bir mənası olmayacaq. Putin Trampı ciddiyə almır. O, Ukrayna resurslarının Amerika tərəfindən mənimsənilməsinə də heç zaman imkan verməyəcək. Ona görə də belə bəyanatlarla Tramp məsələni tənzimləyə bilməyəcək. Bu qədər ciddi məsələyə qeyri-ciddi bəyanatlarla reaksiya verməsi adekvat deyil".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyasının Ukraynaya qarşı həyata keçirdiyi intensiv raket hücumlarına münasibət bildirib. "Sky News" nəşrinin məlumatına görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə bağlı sərt açıqlama verərək onun davranışını anlamadığını qeyd edib.
"Putinə nə olduğunu bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə aramız yaxşı olub, amma indi şəhərlərə raket atır, insanları öldürür və bu, mənim xoşuma gəlmir. Putinin etdiklərini bəyənmirəm. O, insanları öldürür. Bu adama nəsə olun, onda nəsə dəyişib və bu, məni narahat edir”, deyə o bildirib.
Xatırladaq ki, son günlərdə Rusiya ordusu Ukraynanın bir neçə iri şəhərinə-Kiyev, Xarkov və Odessa istiqamətlərinə raket və pilotsuz təyyarələrlə ağır hücumlar həyata keçirib. Nəticədə mülki əhali arasında ölən və yaralananların sayı artıb.
Rüfət Sultan
Şərhlər