Xəbər lenti

Dünya 13:56 24.01.2024

Türkiyə İsveçə "yaşıl işıq" yandırdı: "F-16 problemi" həll olunacaqmı? (ŞƏRH)

"İsveçin NATO-ya üzvlüyü fonunda ABŞ F-16-ları Türkiyəyə verəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etməsini şərh edərkən deyib.

Mehman Əliyev vurğulayıb ki, Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlük məsələsinə müsbət cavab verməsi ilə "F-16 problemi" də həll edilir:
 


"Taktiki məsələlər və maraqlar var. Türkiyə Qərbə çox lazımdır. Yaxın Şərq və Orta Asiya kimi geniş məkanda Türkiyənin böyük nüfuzu var. Bu mənada Qərb həmin bölgələrə çıxış əldə etmək üçün Türkiyədən istifadə etməkdə maraqlıdır. Ona görə də strateji olaraq F-16-ların verilməsi məsələsində heç bir problem görmürəm. 

Digər tərəfdən, Qərb də bazar olaraq Türkiyəyə lazımdır. Türkiyənin əsas partnyorları Qərbdədir. Ankara Şərqdə mövqeyini möhkəmləndirmək və nüfuzunu artırmaq üçün Qərblə əməkdaşlıqdan bəhrələnir. Qərblə Türkiyə arasında müəyyən narazılıqlar var. Ancaq onlardan çoxu müəyyən fon yaratmaq üçün immitasiya xarakteri daşıyır. Bəzi hallarda maraqlar toqquşur ki, onlar da həll olunandır. ABŞ F-16-ları Türkiyəyə verəcək. Çünki Vaşinqton Türkiyənin bölgədə güclənməsi, aktiv rol oynamasında maraqlıdır". 

Ekspert bildirib ki, Türkiyənin təhlükəsizliyi və dayanıqlığı ABŞ üçün də vacibdir. 
 
Qeyd edək ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü məsələsini ratifikasiya edib. Sənədin lehinə 287 parlament üzvü səs verib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?