"Ağ Ev Türkiyəni Orta Şərq, Qara dəniz, Cənubi Qafqaz və NATO çərçivəsində önəmli ölkə olaraq qəbul edir".
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında gerçəkləşən telefon danışığını şərh edərkən deyib.
"Bu müzakirələr nəticəsində Amerika ilə Türkiyə arasında mövcud olan problemlərin həll ediləcəyini söyləmək doğru olmaz. Bununla belə, telefon danışığını yeni ABŞ adminstrasiyası ilə Türkiyə arasındakı münasibətlərin yeni mərhələyə başlaması yolunda ilk addımlardan biri saymaq olar. Yəni ilkin şərtlərin təmini baxımından kəşfiyyat xarakterli danışıqlar olması etibarı ilə önəmlidir", deyə Nazim Cəfərsoy bildirib.
Ekspert düşünür ki, Vaşinqtonla Ankara arasındakı problemlərin həlli yetərincə gərginlik tələb edir:
"Amma unutmayaq ki, ABŞ-la Türkiyə arasında münasibətlərdə yetərincə dərin problemlər var. Terrorçular, PKK məsələsilə və digər mövzularla bağlı aralarında ciddi problemlər var. Onların həlli yetərincə gərginlik tələb edən mövzulardır. F-35 proqramı, PYD-yə silah dəstəyinin kəsilməsi kimi məsələlərdə müəyyən irəliləyişlər, qarşılıqlı güzəştlər ola bilər".
Həmsöhbətimizin fikrincə, hər halda Bayden adminstrasiyası ilə müqayisədə Tramp adminstrasiyası spesifik olaraq Türkiyə ilə münasibətlərə daha praqmatik çərçivədən baxır:
"Ağ Ev Türkiyəni Orta Şərq, Qara dəniz, Cənubi Qafqaz, istərsə də NATO çərçivəsində önəmli ölkə olaraq qəbul edir. Ona görə də bu çərçivədə münasibətlərin müsbət tendensiya ilə bitməsinə müəyyən ümidlər var. Amma bu ümidlərin nə qədər aktuallaşacağını müzakirələrin istiqaməti, müzakirə mövzusu müəyyənləşdirəcək".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, liderlər Türkiyə və ABŞ arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq yeni dövrdə əməkdaşlığı inkişaf etdirəcəyinə dair tam əminliyini bildirib. Türkiyə rəhbəri qeyd edib ki, regional və qlobal hadisələr Türkiyə və ABŞ arasında bütün məsələlər üzrə məsləhətləşmələrin genişləndirilməsini tələb edir.
Ərdoğan Trampın Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması üzrə qərarlı və birbaşa təşəbbüslərini dəstəklədiyini vurğulayıb. Suriya vəziyyətinə toxunan Ərdoğan, burada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyət göstərməsi və bu ölkəyə qarşı sanksiyaların qaldırılmasının önəmini vurğulayıb. Türkiyə prezidenti yeni dövrdə ABŞ-dan Türkiyənin maraqlarını nəzərə alaraq terrorizmə qarşı mübarizədə addımlar atılmasını gözlədiklərini bildirib. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün sanksiyaların ləğv edilməsi, F-16 təyyarələrinin alışı prosesinin tamamlanması və Türkiyənin F-35 proqramına bərpa edilməsi zərurətini qeyd edib.
Rüfət Sultan
Şərhlər