Xəbər lenti

Zelenski: Hər gün müharibənin dayandırılmasını istəyirik, amma Putin bunu istəmir
phrase_var_qaynar. 13:26 29.07.2026

Zelenski: Hər gün müharibənin dayandırılmasını istəyirik, amma Putin bunu istəmir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna, ABŞ Prezidenti Donald Tramp və Avropa ölkələri müharibənin başa çatmasını istəyirlər, lakin Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil.

Qaynarinfo xəbər verir ki, Zelenski bu fikirləri "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Kiyev atəşkəsin elan edilməsində israrlıdır və bunu davamlı sülh danışıqlarına aparan ilk addım hesab edir. Prezident qeyd edib ki, Putin dialoqa maraq göstərmir və onunla sonuncu dəfə 2020-ci ildə danışıb.

"Biz bu müharibəni dayandırmaq istəyirik. Prezident Donald Tramp bu müharibəni dayandırmaq istəyir, avropalılar da bunu istəyirlər. Putin isə istəmir. Biz hər gün bu müharibənin dayandırılmasını, heç olmasa müəyyən müddət üçün atəşkəs elan olunmasını və diplomatlara danışıqlar aparmaq imkanı verilməsini xahiş edirik. Amma Putin bunu istəmir. Problem də bundadır", deyə Zelenski bildirib.

O əlavə edib ki, məhz buna görə Ukrayna qətiyyətli və güclü olmalıdır.

Zelenski Rusiya ərazisinə endirilən zərbələrdən də danışaraq Kremlin müharibədə üstünlüyünün zəiflədiyini iddia edib.

"Putin hər ay 30 min əsgər itirir. İtkilər böyükdür, amma o, yenə də müharibəni dayandırmaq istəmir. Buna görə də hazırda təşəbbüs Putinin əlində deyil", deyə Ukrayna lideri bildirib.

O qeyd edib ki, Ukrayna Rusiyaya qarşı yeni sanksiyalara böyük ümid bəsləyir. Prezident, həmçinin mərhum amerikalı senator Lindsi Qremin hazırladığı qanun layihəsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Zelenski ABŞ-a səfəri çərçivəsində Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qapalı görüş keçirib.

Ukrayna Prezidenti görüşü "yaxşı" adlandıraraq bildirib ki, tərəflər "Patriot" hava hücumundan müdafiə sistemləri üçün tutulma raketlərinin istehsalına lisenziyaların verilməsi, eləcə də Ukraynaya dəstək göstərə biləcək digər təşəbbüsləri müzakirə ediblər. Onun sözlərinə görə, görüşdə diplomatik məsələlər də gündəmdə olub.

Bundan başqa, Zelenski ABŞ senatorları ilə görüş keçirib və Senatda Rusiyaya qarşı sanksiyalar paketinin təsdiqləndiyi səsverməni izləyib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->