Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin vəzifəsindən azad edilməsi ehtimalını nəzərdən keçirir və prezidentliyi dövrünün hərbi rəhbərlik sahəsində ən böyük böhranından çıxış yolu axtarır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” Ukrayna Prezident Administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zelenski bu həftəsonu hərbi komandirlərlə görüş keçirərək onların döyüş meydanındakı vəziyyətlə bağlı qiymətləndirmələrini dinləyəcək. Həmçinin prezident baş komandan vəzifəsinə namizədlərlə müsahibələr aparmaq niyyətindədir.
Nəşrin mənbəsi bildirib ki, prezident səlahiyyətlərin rəvan ötürülməsini təmin edə biləcək və eyni zamanda 1200 kilometrlik cəbhə xətti boyunca möhkəm müdafiəni qoruyacaq komandir tapa biləcəyi halda Sırskini vəzifədən uzaqlaşdırmağa hazırdır.
Qeyd olunur ki, Zelenski Sırskinin istefaya göndərilməsi ehtimalını müdafiə naziri Mixail Fedorovun vəzifədən azad edilməsindən sonra başlayan etirazların "baş komandana qarşı daha geniş kampaniyaya çevrilməsi” fonunda nəzərdən keçirməyə başlayıb.
Məlumata görə, cümə günü axşam saatlarında minlərlə ukraynalı Prezident Aparatının binası qarşısında "Sırski, get!” şüarları səsləndirib. Bu, son illərin ən böyük etiraz aksiyalarından biri olub.
Məqalədə xatırladılır ki, bu həftə Zelenski jurnalistlərə açıqlamasında Fedorovla Sırskinin münasibətlərinin o qədər pisləşdiyini bildirib ki, onlar artıq birbaşa əlaqə saxlamır və yalnız prezidentin şəxsi vasitəçiliyi ilə ünsiyyət qura bilirlər.
"Onlar mənim iştirakım olmadan bir yerə oturub danışmırlar”, deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, o, Fedorov və Sırski arasında "çox birlik istəyib”, lakin "buna nail ola bilməyib”.
Aydın
Şərhlər