Xəbər lenti

Dənizlər gileylənir ki, sahillər sıxır bizi...
Hüseynbala Səlimov
phrase_var_qaynar. 12:14 28.07.2026

Dənizlər gileylənir ki, sahillər sıxır bizi...

Bəli, Rəsul Rzadan kiçik bir "improvizasiya” ilə başladıq...

"Türkiyənin yük gəmisi Qara dənizdə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Ekipajın bir üzvü həlak olub, digər üçü yaralanıb” və ya "Xəzər dənizində İrana məxsus gəmi vurulub”, yaxud da "Yəmən husiləri Qırmızı dənizdə gərginliyi artırırlar”... Bəli, artıq bu cür xəbərlər də adiləşib. Hətta onlar regionda və dünyada gedən müharibələrin informasiya statistikasında xüsusi çəkiyə malikdir. Hərçənd, diqqət daha çox Hörmüz boğazına yönəlib və adam qeyri-ixtiyari düşünür ki, digər dənizlərə də yayılan müharibə elə bunun davamı deyilmi? Sanki hansısa gizli bir əl Hörmüz ətrafındakı münaqişəni az qala dünya müharibəsinə çevirmək istəyir.

Alınacaqmı? Bildiyimiz budur ki, ay yarımdan sonra qızmar yay da bitəcək, amma müharibə başa çatmayacaq. Havanı daha Günəş deyil, raketlər və toplar qızdıracaq. Yaxud da qısa müddətdən sonra İrana qarşı ciddi quru əməliyyatları başlanacaq. Hər halda, ora canlı qüvvə elə-belə cəmləşdirilmir. Bir sözlə, heç kim dəqiq bilmir ki, nə olacaq.

İndi Qara dənizdə də vəziyyət heç də sakit deyil. Müharibə artıq bu məkana da ciddi şəkildə yayılır. Hətta Türkiyənin də müharibəyə cəlb ediləcəyini deyənlər var. Amma bunu inandırıcı hesab etmirik. Hərçənd, burada iki məqam var.

Birincisi, müharibələr zamanı ən həssas vəziyyətdə məhz neytral ölkələr olur. Hamı onları öz tərəfinə çəkməyə çalışır, hətta bunun üçün təxribatlara da əl atılır. İkincisi, Türkiyə NATO üzvüdür və alyans hərbi əməliyyatlara başlasa, Ankara da tamamilə kənarda qalmayacaq.

Ukraynadakı müharibədə də getdikcə iki məqam diqqəti cəlb edir. Birincisi, adi raketləri daha çox pilotsuz uçuş aparatları – dronlar əvəz edir. İkincisi, müharibə artıq həm Ukraynanın, həm də Rusiyanın daxilində siyasi proseslərə təsir göstərməyə başlayır. Zelenski ən kritik və həssas məqamda orduda "islahatlar”a başladı və bu addım həm ölkə daxilində etirazlara, həm də xaricdə suallara səbəb oldu: buna nə ehtiyac var idi? Yoxsa bu adamlar indiyədək ölkənin uğurlu müqavimətinə mane olurdular? Yaxud Rusiyaya yaxın idilər? Bəlkə də xarizmatik siyasətçi olmayan Zelenskini ordudakı bəzi şəxslərin artan populyarlığı narahat edir. Axı onun əsas rəqiblərindən biri də məhz ordudan çıxmış şəxsdir.

Hörmüz boğazına gəldikdə isə, bu barədə ziddiyyətli proqnozlar var və yuxarıda bunu qeyd etdik. Mümkündür ki, Tramp seçkiyə "Troya atı” ilə getmək, bir növ insanların vətənpərvərlik hisslərindən faydalanmaq istəyir. Vaxtilə bunu Ruzvelt kifayət qədər uğurla etmişdi. İndi niyə təkrar olunmasın?

Həm də istisna deyil ki, Tramp müharibəni uzatmaqla İranı daha çox tükəndirməyə, onu daha ciddi şəkildə zəiflətməyə çalışır. Hərbdə belə ssenarilər mövcuddur. İran bir yana, hətta Putin də narahat olmağa başlayıb ki, Rusiyanın vəziyyəti heç də ürəkaçan deyil. Halbuki, kim olmasa da, Volodya müəllim bunu Əfqanıstan təcrübəsindən bilməli idi. Axı bu, həmin Qərbdir! Ukraynalılar da geri çəkilən xalq deyil. Əvvəlki dövrləri demirəm, artıq düz bir əsrdir ki, bu xalq Rusiya imperiya ənənəsinə qarşı savaş aparır...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->