"Vaşinqtonla Pekin arasında münasibətlərin rasional məcraya daxil olması və uzlaşmanın əldə edilməsi ABŞ adminstrasiyasının başladığı neqativ iqtisadi münasibətlər tandeminin əhəmiyyətli səviyyədə yumlaşmasına, digər tərəflərlə də uzlaşmanın təmin edilməsinə, qlobal iqtisadiyyatda gözlənilən risklərin aşağı düşməsi, təsirlərinin azalması kimi nəticələrə də yol aça bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov ABŞ və Çin nümayəndələri arasında Londondakı ticarət danışıqlarının yekununu şərh edərkən deyib.
Həmsöhbətimiz danışıqlarda əldə edilən nəticələrin bu və ya digər şəkildə hər iki tərəf üçün sərfəli olduğunu düşünür:
"İlin əvvəlindən başlanılan anlaşılmaz mühitdə dünyanın iki böyük iqtisadiyyatı arasında tariflər kəskin şəkildə artmışdı. Deməli, belədə qiymətlər də artmalı, ciddi inflyasiya, alıcılıq qabiliyyətinin aşağı düşməsi baş verməli idi. Bu da öz növbəsində hər iki ölkədə yerli istehsal xərclərinin də artmasına gətirib çıxaracaqdı. Amma son anlaşma ilə faktiki tariflərin əvvəlki səviyyəyə qaytarılması, ABŞ-ın Çinə münasibətdə 30 faiz, əks istiqamətdə isə 10 faizlik tarif tətbiq etməsi, məsələ ilə əlaqədar 90 günlük fasilənin götürülməsi nisbətən bazarların sabitləşməsinə, pozitiv yönümlü gözləntilərin artmasına gətirib çıxarıb. Uzlaşma ehtimalının artması ilə bağlı ümidlər artıb. Düzdür, arada texniki anlaşılmazlıqlar da var. ABŞ adminstrasiyası Çinin müəyyən öhdəlikləri yerinə yetirməməsilə bağlı tədbirlər görəcəyi istiqamətində davamlı olaraq mesajları gündəmə gətirir".
İqtisadçı hesab edir ki, mövcud vəziyyətdə daha çox qazanan tərəfin ABŞ olduğu görüntüsü yaransa da, Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatından götürdüyü töhfənin daha böyük olduğunu da nəzərdən qaçırmamalıyıq:
"Bəzi illərdə Çin ABŞ-a ixracı 500-600 milyard dollara çatır. O, baxımdan burada Çin də qazanır. Vaşinqtonun başladığı bu prosesin əsas məqsədi də məhz daha aydın xarici ticarət şərtlərinin formalaşdırılması, ticarət balansındakı fərqləri azaltmaq idi. Çin ABŞ-dan müəyyən məhsulların istehlakı ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq, idxalı artırmaq kimi öhdəliklər götürüb".
Qeyd edək ki, ABŞ və Çin nümayəndələri Londonda keçirilən ticarət danışıqlarını yekunlaşdırıblar. "Reuters” agentliyinin məlumatına görə, ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar.
Xatırladaq ki, Çinlə ABŞ arasında bir müddət əvvəl rüsum tariflərinin artırılması istiqamətində savaş baş vermişdi. Bu müstəvidə tərəflər bir-birinə münasibətdə rüsumları kəskin artırmışdılar. Lakin sonradan hər iki tərəf mövqelərini yumşaltmaq yolunu tutdu. İyunun 5-də isə Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı oldu. Nəticədə onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəldilər.
Rüfət Sultan
Şərhlər