Xəbər lenti

ABŞ süni intellekt çiplərinin ixracını məhdudlaşdırır - TƏFƏRRÜAT
Dünya 18:18 13.01.2025

ABŞ süni intellekt çiplərinin ixracını məhdudlaşdırır - TƏFƏRRÜAT

ABŞ prezidenti Co Baydenin administrasiyası "Süni İntellektin Yayımlanması üçün İxrac Nəzarət Çərçivəsi" (Export Control Framework for Artificial Intelligence Diffusion) adlanan yeni qanun qəbul edib. Bu qanun süni intellekt sahəsində fəaliyyət göstərən, o cümlədən dünyanın ən böyük Sİ çip istehsalçısı olan NVIDIA kimi şirkətlərin ciddi narazılığına səbəb olub.  

Qaynarinfo xəbər verir ki, bu qanuna əsasən, ABŞ şirkətləri yalnız 20 ölkəyə məhdudiyyətsiz Sİ çipləri ixrac edə biləcək: Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, Polşa, İspaniya, İsveç, İsveçrə, Tayvan və Böyük Britaniya. Çin, İran, Rusiya və Şimali Koreyaya çiplərin ixracına tam qadağa qoyulub. Daha 100-dən çox ölkəyə isə məhdudiyyətlər tətbiq olunacaq və əlavə çip almaq üçün ABŞ hökumətindən xüsusi lisenziya tələb olunacaq.  

Qanunun məqsədi, süni intellekt sahəsində qabaqcıl texnologiyaların hərbi məqsədlərlə, məsələn, nüvə silahlarının modelləşdirilməsi və ya hipersəs raketlərinin hazırlanması üçün istifadəsini müəyyən ölkələrə çətinləşdirməkdir. Xüsusilə, qanun Çinin üçüncü ölkələr vasitəsilə müasir texnologiyalara çıxışını məhdudlaşdırmağı hədəfləyir.  

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan qeyd edib ki, "Bu qayda beynəlxalq tərəfdaşlar və sənaye üçün daha çox aydınlıq təmin edir və eyni zamanda qabaqcıl Amerika texnologiyalarını milli təhlükəsizliyimizə qarşı istifadə etməyə çalışanlara maneə törədir”.  

Lakin NVIDIA, Oracle, Yarımkeçirici Sənaye Assosiasiyası (SIA), İnformasiya Texnologiyaları və İnnovasiya Fondu (ITIF) kimi bir sıra şirkətlər və təşkilatlar bu qanundan narazılıqlarını bildiriblər.  

İTIF bəyan edib ki, Sİ çiplərinin ixracına qoyulan məhdudiyyətlər ABŞ-ın süni intellekt sahəsində qlobal bazardakı mövqeyinə zərər verə bilər. Qeyd olunur ki, hazırda Çin çipləri NVIDIA məhsullarının səviyyəsinə çatmasa da, ABŞ texnologiyalarına məhdud çıxışı olan şirkətlər bu çatışmazlığı Çin istehsalı çiplərlə kompensasiya edə bilərlər.  

NVIDIA-nın hökumət məsələləri üzrə vitse-prezidenti Ned Finkel qeyd edib ki, bu məhdudiyyətlər təkcə NVIDIA-nın deyil, digər ABŞ şirkətlərinin də innovasiya və iqtisadi artımını təhlükə altına alır. Finkel həmçinin vurğulayıb ki, 200-dən çox səhifədən ibarət qanun layihəsi sənaye nümayəndələrinin iştirakı olmadan gizli şəkildə hazırlanıb.  

"Bu cür genişləndirilmiş səlahiyyətlər dünya bazarında aparıcı Amerika texnologiyalarına, o cümlədən yarımkeçiricilərə, kompüterlərə və proqram təminatına bürokratik nəzarət yaradacaq. Bu, bazar nəticələrini dəyişməyə və rəqabəti basdırmağa çalışan yeni qaydaların, ABŞ-ın zəhmətlə qazanılmış texnoloji üstünlüyünü itirmək təhlükəsi yaradır”, – deyə Finkel bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->