Xəbər lenti

Siyasət 14:11 10.12.2024

"Azərbaycan təxribatlara hazır olmalıdır" - Politoloq

"Ermənistan heç bir hücum barədə düşünə bilməz, amma yerlərdə müəyyən özfəaliyyətlərin olması da mümkündür. İrəvan öz gücünü də bilir, Azərbaycan Ordusunun potensialına da bələddir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Avropa İttifaqının Ermənistandakı missiyasının Cermuk (İstisu) istiqamətində yerləşməsi fonunda İrəvanın həmin məkanda təxribatlara başlaya biləcəyi ehtimalını şərh edərkən deyib.

Abutalıb Səmədov bildirib ki, Avropa İttifaqının Ermənistan sərhədində yerləşən müşahidə missiyasının müddəti artıq bitir:

"Bu müddətin uzadılıb-uzadılmayacağı yaxın günlərdə bəlli olacaq. Ancaq bir şey aydındır ki, missiyanın əsas təyinatı kəşfiiyyat xarakteri məlumatlar toplayıb müəyyən strukturlara çatdırmaqdan ibarətdir. Yerləşmə yerlərini dəyişmələri və ya müəyyən qrupların başqa istiqamətdə müşahidə aparması da bununla bağlıdır. Mümkün qədər daha çox məlumat toplamağa çalışırlar. Ermənistan iddia edir ki, Azərbaycan guya onun 200 kv.km ərazisini "işğal” edib. Təbii ki, burada Azərbaycana qarşı müəyyən planların, təxribatların olması da istisna edilmir. Ancaq Ermənistan öz gücünü də bilir, Azərbaycan Ordusunun potensialına da bələddir. Bu səbəbdən heç bir hücum planlarını reallaşdırmaq fikrinə düşə bilməzlər. Amma yerlərdə müəyyən özfəaliyyətlərin olması mümkündür. Çünki Paşinyan bütövlükdə ordunu tam nəzarətdə saxlaya bilmir. Ona görə tamamilə mümkündür ki, müəyyən qruplar Azərbaycan hərbçilərinə qarşı təxribatlar törətsin. Şübhəsiz ki, cavablarını alacaqlar".
 


Ancaq ekspert bu təxribatların Aİ missiyası ilə əlaqədar olacağını düşünmür:

"Ona görə ki, bu missiya Aİ və ABŞ-dakı işverənlər üçün işləyir. Həmin missiyanın müddəti bir qədər də uzadıla bilər. Ancaq bütün hallarda Aİ missiyası İstisu istiqamətində artıq son işlərini görməkdədir. Onları ərazidə saxlamaq, əlavə gərginlik yaratmaq tamamilə mənasızdır. İrəvan sülh istəyirsə, ilk addımlardan biri həmin missiyanı yola salmaq olmalıdır. Təxribatlar isə həmişə ola bilər. Azərbaycan hər zaman bu təxribatlara hazır olmalıdır".

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) istiqamətində yerləşib. Erməni mediasının məlumatına görə, müşahidəçilərin 13-14 nəfərlik qrupu Cermukda yerləşdirilib. Bu məlumatda diqqətçəkən məqam "müşahidə qrupu”nun Cemruk (İstisu) istiqamətində daimi yerləşməsidir. 

2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə təxribat hücumundan sonra baş verən hərbi eskalasiya nəticəsində Azərbaycan Ordusu İstisu istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti bərpa edib. Ermənistan hakimiyyətinin əsas istəyi Azərbaycan Ordusunun geri çəkilməsidir və buan nail olmaq üçün İrəvanın Azərbaycana qarşı bu istiqamətdə hücum planları da olub. Bu kontekstdə Aİ-nin "müşahidə qrupu”nun İstisu istiqamətində daimi yerləşməsi və müşahidələr aparması diqqəti çəkir. 

İstisna deyil ki, "müşahidə qrupu”nda yer alan 13-14 nəfər gerçəkdə Qərb casuslarıdır və bölgədə kəşfiyyat məlumatları toplamaqla yanaşı, Ermənistanın İstisu istiqamətində mümkün təxribat planlarının hazırlığında da iştirak edirlər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->