Xəbər lenti

Belarusda səhlənkar fermerlər orduya göndəriləcək
Dünya 19:00 22.07.2026

Belarusda səhlənkar fermerlər orduya göndəriləcək

Belarusda məhsul yığımı kampaniyasında əmək intizamını pozan, sərxoşluq edən, tənbəllik göstərən və ya kənd təsərrüfatı müəssisələrinin əmlakını mənimsəyən işçilərin hərbi-tərbiyə toplanışlarına göndərilməsi nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, BelTA agentliyinin məlumatına görə, bunu Belarus Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoy bildirib.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko aidiyyəti qurumlara belə şəxslərin cəlb olunacağı iş yerlərinin və fəaliyyət istiqamətlərinin operativ şəkildə hazırlanmasını tapşırıb.

Dmitri Krutoy qeyd edib ki, ölkənin hər bir rayonunda rayon icraiyyə komitəsinin sədri, yerli hərbi komissar və kənd təsərrüfatı müəssisələrinin rəhbərləri birlikdə bu kateqoriyaya aid vətəndaşların siyahısını hazırlayacaqlar. Siyahılar daha sonra Belarus Müdafiə Nazirliyinə təqdim ediləcək.

O bildirib ki, əmək intizamının pozulması kollektivdə iş mühitinə mənfi təsir göstərir və məhsul yığımı kampaniyasının gedişinə mane olur.

"Ölkə təkcə məhsul yığımının qəhrəmanlarını deyil, məsuliyyətsizliyi ilə prosesi pozan bu cür "qəhrəmanları" da tanımalıdır. Əgər onlar məhsul yığımında uğursuz olublarsa, bəlkə orduda ölkəyə fayda verə bilərlər", deyə Dmitri Krutoy vurğulayıb.

Onun sözlərinə görə, Belarus Silahlı Qüvvələrində, o cümlədən təsərrüfat və məişət işləri üzrə kifayət qədər fəaliyyət sahəsi mövcuddur. Bu şəxslər iki-üç aya qədər davam edə biləcək hərbi-tərbiyə toplanışlarına cəlb olunacaqlar.

Dmitri Krutoy bildirib ki, bu prinsip vəzifəsindən asılı olmayaraq hər kəsə şamil ediləcək: "İntizam pozuntusuna yol verən xidmətə göndəriləcək".

O əlavə edib ki, toplanış iştirakçıları sadə şəraitdə yaşayacaqlar, lakin fiziki hazırlıqlarını yaxşılaşdırmaq və faydalı əmək vasitəsilə səhvlərini düzəltmək imkanı əldə edəcəklər.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bu prosesə rayon icraiyyə komitələrinin sədrləri, hərbi komissarlar və kənd təsərrüfatı müəssisələrinin rəhbərləri cavabdeh olacaqlar.

Qeyd edək ki, iyulun 21-də Aleksandr Lukaşenko selektor müşavirəsində kənd təsərrüfatında işini lazımi səviyyədə yerinə yetirməyən və ya əmək intizamını pozan şəxslərin Ukrayna ilə sərhədin mühafizəsinə göndərilməsi barədə göstəriş vermişdi.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->