1883-cü ildə Havay adalarında şəkər qamışı plantasiyalarını siçovullardan qorumaq məqsədilə Hindistan manqustları gətirildi. Məhsulu qorumaq üçün atılan bu addım sonradan tarixdə ən məşhur ekoloji səhvlərdən birinə çevrildi.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of India" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, XIX əsrin sonlarında siçovullar şəkər qamışı plantasiyalarına ciddi ziyan vururdu. Buna görə də təsərrüfat sahibləri problemi tez həll etməyin yollarını axtarırdılar. Onlar təbii mühitdə gəmiricilər və ilanlarla qidalanan kiçik Hindistan manqustunu adalara gətirdilər. Oxşar üsul daha əvvəl Yamaykada tətbiq olunduğu üçün bu qərar məntiqli görünürdü.
Lakin qısa müddət sonra məlum oldu ki, plan ciddi səhv fərziyyəyə əsaslanıb.
Nəşrdə bildirilir: "Siçovullar gecə fəal olan heyvanlardır, manqustlar isə gündüz ov edirlər. Bu isə o demək idi ki, onların adaya gətirilməsi heç kimin əvvəlcədən yoxlamadığı bir fərziyyəyə söykənirdi".
Manqustlar siçovullarla demək olar ki, qarşılaşmadıqları üçün daha asan ov axtarmağa başladılar. Bundan ən çox yerə yuva quran yerli quşlar, onların yumurtaları və balaları zərər gördü.
Havay Universitetinin tədqiqatçıları bildirirlər ki, XIX əsrin sonlarından etibarən kiçik Hindistan manqustu dünyanın müxtəlif bölgələrində yerləşən azı 45 adaya gətirilib və demək olar ki, hər yerdə yerli quşlara, sürünənlərə və kiçik məməlilərə mənfi təsir göstərib.
Ştatın təbiəti mühafizə xidmətlərinin məlumatına görə, manqustların yırtıcılığı nəticəsində federal səviyyədə nəsli kəsilmək təhlükəsi altında olan ən azı səkkiz Havay quş növünün populyasiyası azalıb. Bundan başqa, bu heyvanlar dəniz tısbağalarının yumurtalarını və balalarını yeyir, həmçinin yerli kərtənkələlər üçün də ciddi təhlükə yaradır.
Nəşr qeyd edir ki, artıq arxipelaqın əsas adalarında manqustları tamamilə məhv etmək demək olar ki, mümkün deyil. Onlar Havay, Oahu, Maui və Molokay adalarında geniş yayılıblar. Dişi manqustlar ildə iki-üç dəfə bala verə bildikləri üçün onların sayı sürətlə artır.
Hazırda təbiəti mühafizə qurumları əsas diqqəti ən qiymətli quşların yuvalama ərazilərinin tələlər və xüsusi qoruyucu hasarlar vasitəsilə mühafizəsinə yönəldirlər.
Bununla yanaşı, Kauai adası manqustların hələ də yayılmadığı yeganə böyük Havay adası olaraq qalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta təsadüfən adaya düşən bir manqust belə yerli quş populyasiyalarını ciddi təhlükə altına qoya bilər.
"The Times of India" vurğulayır ki, Havaydakı manqust hadisəsi bu gün də təbiəti mühafizə sahəsində klassik nümunə kimi göstərilir. Çünki buraxılan səhv nə mürəkkəb, nə də qeyri-adi idi – sadəcə elementar, lakin geri dönməz nəticələrə səbəb olan yanlış qərar idi.
Aydın
Şərhlər