Xəbər lenti

Dünya 16:33 13.03.2025

"Bluesky"nin icraçı direktoru Mark Zukerberq latın dilində ələ saldı

"Bluesky" şirkətinin baş icraçı direktoru Cey Qreber SXSW 2025 tədbirində çıxışı zamanı geyimi və mesajı ilə diqqət çəkib. 

Qaynarinfo xəbər verir ki, səhnəyə yığılmış saçları və enli qara köynəyi ilə çıxan Qreber texnologiya sektorunda qadınların ciddiyə alınmaq üçün tez-tez qadınsı xüsusiyyətlərini kölgədə saxlaması fenomeninə işarə edən bir tərz nümayiş etdirib.

Lakin onun geyim seçimi təsadüfi olmayıb. Qara köynəyi ilə "Bluesky" platformasının qarşı durduğu əsas simalardan biri olan Mark Zukerberqə incə, lakin açıq bir göndərmə edib.

"Meta"nın Mark Zukerberq bir müddət əvvəl etdiyi çıxışlardan birində Roma İmperiyasının son diktatoru Yuli Sezar ilə özünü müqayisə etmişdi. Onun geyindiyi köynəkdə "Aut Zuck aut nihil" ifadəsi yazılmışdı ki, bu da latınca "Ya Sezar, ya heç" mənasını verən "Aut Caesar aut nihil" ifadəsinə bənzədilmiş bir zarafatdır.

Cey Qreber isə çıxışında "Mundus sine caesaribus", yəni "Sezarların olmadığı bir dünya" yazılmış köynək geyinərək ona cavab verib.

"Bluesky" platformasının dizaynı ilə bağlı Qreber açıq şəkildə mövqeyini ortaya qoyub. "Bluesky" açıq mənbə kodlu, mərkəzsizləşdirilmiş sosial şəbəkə olaraq, istifadəçilərə platformanın necə qurulduğu barədə şəffaf məlumat verir və ənənəvi sosial media platformalarından fərqlənir. O, SXSW çıxışında bu barədə belə danışıb:

"Əgər sabah bir milyarder gəlib "Bluesky"ı satın alarsa, onu idarə etməyə başlayarsa və ya istifadəçilərin xoşuna gəlməyəcək dəyişikliklər etsə, insanlar platformadan ayrılıb başqa bir tətbiqə keçə bilərlər. Artıq alternativ tətbiqlər mövcuddur və siz də yenisini yarada bilərsiniz. Bu açıqlıq hər zaman yeni bir seçim imkanı verir".

Son dövrlərdə "Meta" və X (keçmiş Twitter) kimi platformalar istifadəçilərin sosial medianı necə təcrübədən keçirdiyini dəyişdirərək bəzi istifadəçiləri uzaqlaşdırıb və bu, "Bluesky"ın sürətlə böyüməsinə səbəb olub. Xüsusilə "Meta" istifadəçi paylaşımlarından süni intellekt üçün məlumat toplamaq və müstəqil fakt yoxlama proqramlarını məhdudlaşdırmaq kimi mübahisəli yeniliklər tətbiq etdikdən sonra "Bluesky" sürətlə populyarlıq qazanıb.

Lakin "Meta"nın qurduğu "Roma İmperiyası"nı devirmək üçün "Bluesky" hələ uzun bir yol qət etməlidir. Hazırda Bluesky platformasının təxminən 33 milyon istifadəçisi olduğu halda, "Meta"nın "Facebook", "Instagram" və "WhatsApp" kimi məhsulları vasitəsilə gündəlik 3,35 milyard aktiv istifadəçisi var. Bu da dünya əhalisinin təxminən 40 faizinə bərabərdir.

Buna baxmayaraq, "Bluesky" yeni bir sosial şəbəkə üçün kifayət qədər mədəni təsir buraxmağı bacarıb. Axı nə Roma bir gündə qurulub, nə də bir gündə yıxılıb.

Bu arada qeyd etmək lazımdır ki, Zukerberqin Roma İmperiyası və imperator Avqustusa olan marağı çoxdan məlumdur. O, hətta bal ayını Priskilla Çan ilə Romada keçirib. Çan bu marağı zarafatla belə ifadə edib: "Bal ayında sən, mən və Avqust var idi".

Zukerberq də bu barədə açıq danışıb: "Bütün şəkillərimiz fərqli Avqust heykəllərindən idi".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->