bp şirkətinin dəstəyi və Təşəbbüslər və Layihələr Mərkəzinin təşkilatçılığı hazırlanmış "Mirzə Qədim İrəvani. Parlaq rənglərin işığında” kitabının təqdimat mərasimi keçirilib. Görkəmli Azərbaycan rəssamı, Azərbaycan dəzgah boyakarlığının və realist rəssamlığın banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş bu nəşrin təqdimatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının bir ilinin tamam olmasına təsadüf etdi.
Təqdimat mərasimində bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı və Qərbi Azərbaycan İcması Aparatının rəhbəri, sənətşünas alim Qalib Qasımov çıxış ediblər. Çıxışlarda Mirzə Qədim İrəvaninin Azərbaycan mədəniyyət tarixində tutduğu müstəsna yer, Qərbi Azərbaycan irsinin elmi əsaslarla təqdim olunmasının əhəmiyyəti və bu qəbildən olan nəşrlərin milli-mədəni yaddaşın qorunmasında oynadığı rol qeyd olunub.
Kitab Mirzə Qədim İrəvaninin həyat yolu, yaradıcılığı, onu formalaşdıran tarixi-mədəni mühit, əsərləri və bu əsərlər haqqında indiyədək aparılmış elmi tədqiqatları əhatə edir. Nəşrdə rəssam haqqında dərc olunmuş araşdırmalar və məqalələr təhlil edilib, mövcud məlumatlar və elmi qənaətlər ümumiləşdirilib. Təhlillər əsərlərin və onların fraqmentlərinin təqdimatı ilə müşayiət olunur ki, bu da mühüm bədii və üslubi detalların oxucuya daha aydın çatdırılmasına imkan yaradır. Kitabda ilk dəfə olaraq rəssamın bizə məlum olan əsərləri müxtəlif variantları ilə birlikdə sistemli şəkildə bir araya gətirilib, eyni zamanda deportasiyalar nəticəsində itirilmiş və ya başqa adlarla dünya muzeylərinə və şəxsi kolleksiyalara düşmüş əsərlər barədə məlumatlar elmi əsaslarla araşdırılıb.
Nəşrdə mətnlər, müsahibələr və tədqiqat materialları QR-kodlar vasitəsilə zənginləşdirilib, oxucular üçün əlavə vizual və multimedia məzmun təqdim olunub. Kitab geniş oxuc u auditoriyası, tədqiqatçılar və sənətsevərlər üçün etibarlı elmi və mədəni mənbə kimi nəzərdə tutulub.
Nərgiz Cabbarlının müəllifliyi və baş redaktorluğu ilə ərsəyə gələn kitabın hazırlanmasında Şamxal Əbilov məsləhətçi, Aliyə Səfərova və İlahə Azməmmədova koordinator, Sevil İsmayılova və Rafiq Kazımov buraxılışa məsul, Yeganə Rüstəmova və Elçin Aşurov dizayner, Murad Zeynal İrəvani portretinin müəllifi, Gültəkin Cəfərova və Qurban Cəbrayıl redaktor, Arzu Quluzadə və Nəzrin Hüseynova korrektor, Sevinc Yusifova texniki redaktor, Allahverdi Kərimov texniki direktor, Kəmalə Quluzadə, Alagöz Quliyeva və Toğrul Rəhimli isə texniki heyətin üzvləri qismində iştirak ediblər. Layihənin rəhbəri Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlıdır.
Şərhlər